Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılmasına fərman verib. Yeni qurum dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsi ilə məşğul olacaq.
Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Direktorlar Şurası sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının prezidenti həyata keçirir.
Qurumun ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1 milyon manatdır.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir. Onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Aprelin 11-də imzalanan fərmanla prezident Vergilər Nazirliyinə Dövlət İmtahan Mərkəzinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməyi tapşırıb.
Transparency.az bildirir ki, təsdiq olunan nizamnaməsinə görə, Dövlət İmtahan Mərkəzinin sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurasının iclasları ayda bir dəfədən az olmayaraq keçirilir (Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin nizamnaməsi).