Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası “Everest.TT” MMC-nin muzdlu işlə əlaqədar kameral qaydada hesablanmış gəlir vergisi haqqında şikayətinə baxıb. Rəsmi məlumata görə, cəmiyyətin direktoru Elçin Babayev 6 saylı Ərazi Vergilər İdarəsinin 2014-cü ilin 2-ci rübü üçün kameral qaydada hesabladığı əlavə vergi ilə razılaşmadığını bildirib və onun silinməsini xahiş edib.
Şikayətin araşdırılması zamanı müəyyən edilib ki, vergi ödəyicisi təmir-tikinti fəaliyyəti ilə məşğul olur və 2014-cü ilin 2-ci rübü üzrə təqdim edilən sadələşdirilmiş vergi bəyannaməsinin muzdlu işlə əlaqədar verginin hesablanması bölməsində rübün hər ayında 1 işçi üzrə 150 manat aylıq əməkhaqqı ödənildiyini göstərib və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan 1,96 manat məbləğində vergi hesablayıb. Bu səbəbdən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilib və yaranmış kənarlaşma ilə bağlı müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamənin və ya əsaslandırılmış izahat məktubunun təqdim edilməsi təklif olunub.
Elçin Babayev izahatında 9 MMC-nin təsisçisi və rəhbəri olduğunu və bu sayda hüquqi şəxs yaratmasını ƏDV qeydiyyatına düşmək istəməməyi ilə izah edib. Bununla da o, ƏDV məqsədləri üçün qeydiyyata alınmaqdan və vergidən yayındığını etiraf edib.
Bundan əlavə müxtəlif təşkilatlarla tikinti materialları üçün müqavilə bağladığını, bank hesablarından çıxarılmış xərcləri təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərini (müqavilə, qaimə-faktura, kassa mədaxil və məxaric orderi, təhtəl-hesab şəxsin avans hesabı və sair sənədlər) təqdim edəcəyini bildirən Elçin Babayev vergi orqanına həmin məbləğlərin faktiki məsrəfləri barədə təsdiqedici xərc sənədlərini, görülmüş işlərin cəmiyyətin öz işçi qüvvəsi və ya cəlb olunmuş podratçı hesabına həyata keçirilməsi barədə heç bir məlumat təqdim etməyib.
Vergi Apellyasiya Şurasının iclasında aparılan müzakirələr, qanunvericiliyin tələbləri, şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər, toplanmış materiallar və sübutlar nəzərə alınmaqla “Everest.TT” MMC-nin şikayətinin təmin edilməməsi barədə qərar qəbul olunub. Eyni zamanda 6 saylı Ərazi Vergilər İdarəsinə vergi ödəyicisinin xeyli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayındırma əməlinə hüquqi qiymət verilməsi üçün iş üzrə materialları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərməsi tapşırılıb.