Azərbaycan ərazi bütövlüyü uğrunda gedən son döyüşlərdə yeni şəhidlər verib. Qanunvericilik şəhidlik statusunu necə tənzimləyir?
Transparency.az bildirir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar (bu məktəbləri bitirənədək və ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şahid ailəsinin üzvləri hesab edilir.
Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə dövlət qəbirüstü abidələr, xatirə kompleksləri yaradır, şəhid adları küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilir.
Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası, valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək aylıq müavinət təyin olunur.
İşçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda şəhid ailəsi üzvlərinə üstünlük verilir.
Şahidin ailə üzvlərinə mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Bu cür müavinət həkim reseptləri üzrə dərman almaq üçün də müəyyən olunub.
Şəhid ailəsinin üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə də təmin edilirlər. Eyni zamanda onlar dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar.
Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.
Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.
Transparency.az bildirir ki, 2016-cı il fevralın 1-dən şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği 220 manat müəyyən edilib.