Aprelin 8-də Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Novator.az Rusiya prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Putin və Nazarbayev Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində baş verənlər haqda fikir mübadiləsi aparıblar. Putin Nazarbayevə Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyilə atılan addımlar, o cümlədən Rusiyanın baş naziri, xarici işlər və müdafiə nazirlərinin bu istiqamətdə gördüyü işlər haqda məlumat verib.
Telefon söhbəti zamanı Rusiya və Qazaxıstan prezidentləri ikitərəfli münasibətləri, Avrasiya İqtisadi İttifaqı çərçivəsində yüksək səviyyədə keçiriləcək görüşlərin qrafikini də müzakirə ediblər.
Vladimir Putinlə Nursultan Nazarbayev Qarabağdakı vəziyyəti aprelin 6-da da telefonla müzakirə etmişdilər. Onda da Kremlin mətbuat xidməti Putinin qazaxıstanlı həmkarına Qarabağda vəziyyəti sabitləşdirmək üçün Rusiyanın vasitəçiliyilə atılan addımlar haqda məlumat verdiyini açıqlamışdı.
Aprelin 2-dən Azərbaycanın Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində atəşkəsi pozan erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əməliyyatlar zamanı hər iki tərəfdən itkilər olub.
Aprelin 5-də Rusiya tərəfinin vasitəçiliyi ilə Moskvada Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla Ermənistan Silahlı Qüvvələrinin Baş Bərargah rəisi, general-polkovnik Yuri Xaçaturov arasında görüş keçirilib. Görüşdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə edilib.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistana birləşmək istəyi ilə separatçı hərəkat başlayıb. Bu hərəkat müharibə ilə nəticələnib. 1991-ci ildə Dağlıq Qarabağ bölgəsi müstəqillik elan edib, savaş şiddətlənib. Hazırda Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı digər 7 Azərbaycan rayonu Ermənistanın işğalı altındadır. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.