Niderlandda aprelin 6-da keçirilmiş Ukrayna referendumunun ilkin nəticələri açıqlanıb. Referenduma Avropa İttifaqı ilə Ukrayna arasında 2014-cü ildə imzalanmış assosiasiya sazişinin təsdiqi məsələsi çıxarılıb. Novator.az-ın məlumatına görə, referenduma qatılanların 61,1%-i Ukrayna ilə assosiasiya sazişinə yox deyib.
Ukrayna ilə Avropa İttifaqının assosiasiya sazişini birliyə daxil olan 28 ölkənin 27-si təsdiqləyib. Yalnız Niderland kənarda qalıb.
Ukrayna prezidenti Pyotr Poroşenko referendumun nəticələrini şərh edərkən deyib ki, Niderland Konstitusiyasına görə, bu referendum məşvərət xarakteri daşıyır və əsas sözü siyasətçilər, hökumət, parlament deyəcək: “Mən bu hadisənin Ukraynanın Avropa yolunda maneə olmayacağını düşünürəm. Heç nəyə baxmayaraq Ukrayna assosiasiya sazişindən irəli gələn islahatları davam etdirəcək. Biz Avropaya inteqrasiya yolundan dönən deyilik”.
2014-cü ilin fevral ayında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyaya yaxın, Avropa İttifaqı ilə inteqrasiyaya qarşı çıxan qüvvələri Qərb meylli qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. Qərb meylli yeni hakimiyyət Avropa İttifaqı ilə dərin inteqrasiyanı nəzərdə tutan assosiasiya sazişini imzalayıb.