Xəzər dənizinin Türkmənistan sahillərində tapılan meyitin tanınma prosesi başa çatıb. Dövlət Neft Şirkətinin məlumatına görə, aprelin 2-də aşkar edilən meyitin Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülünün çilingəri Rzaxanov Edik Rivazin oğlunun meyiti olduğu bilinib. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş verən qəzada itkin düşən neftçilərdəndir.
Ötən il dekabrın 4-də qasırğa zamanı Xəzərdəki “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə faciə baş verib. Özüldə sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və şiddətli yanğın olub, 30 nəfər itkin düşüb, indiyədək 13 nəfərin meyiti tapılıb.
Həmin gün “Neft daşları”ndakı 501 saylı özüldə də faciə baş verib, güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb, 3 nəfər itkin düşüb. Onlardan 1-nin meyiti aşkar edilib.
Ümumilikdə 19 neftçi hələ də itkindir.