Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-si TASS agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş görüşlərdə qəbul edilən birgə bəyanatlarda əks olunmuş ideyalara qayıtmaq lazımdır.
Transparency.az bildirir ki, son illər Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilmiş görüşlərdə 5 sənəd qəbul olunub. Onların hamısı Rusiya prezidenti postunu Dmitri Medvedyev tutan zaman gerçəkləşib.
Birinci sənəd 2008-ci il noyabrın 2-də prezidentlərin Moskva görüşündə qəbul edilmiş bəyannamədir. Sənəddə deyilir:
– Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsinin vəziyyətini və onun siyasi vasitələrlə, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiyanın, ABŞ-ın və Fransanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi yolu ilə həlli perspektivlərini konstruktivlik şəraitində konkret şəkildə və dolğun müzakirə edərək,
- Bəyan edirlər ki, münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli ilə Cənubi Qafqazda vəziyyətin sağlamlaşmasına və regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin təmin olunmasına kömək edəcəklər ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaqdır.
- ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin işlənib hazırlanması məqsədi ilə 2007-ci ilin noyabrın 29-da Madriddə tərəflərlə keçirilmiş görüşü və sonrakı diskussiyalar nəzərə alınmaqla, həmsədrlərin vasitəçilik səylərinin davam etdirilməsinin böyük əhəmiyyətə malik olmasını təsdiq edirlər.
- Razılaşırlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir.
- Qeyd edirlər ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin razılaşdırılması üzərində işi davam etdirmək, o cümlədən gələcəkdə yüksək səviyyədə təmasların gedişində davam etdirmək barədə razılığa gəlmişlər və özlərinin xarici işlər nazirlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqədə danışıqlar prosesində gələcək addımları fəallaşdırmağı tapşırmışlar.
- Münaqişənin həllinə dair səylər kontekstində etimadın möhkəmləndirilməsi üçün tədbirlərin reallaşdırılmasına şərait yaradılmasının təşviq olunmasını vacib hesab edirlər.
İkinci sənəd 2010-cu il oktyabrın 27-də reallaşıb. Həmin gün Həştərxanda qəbul edilmiş birgə bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və meyitlərin qaytarılması nəzərdə tutulub.
Üçüncü sənəd prezidentlərin 2011-ci il martın 5-i Soçidə qəbul etdiyi birgə bəyanatdır.
Sənəddə qeyd edilir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəlmişlər.
Bəyanatda qeyd edilir ki, dövlət başçıları, o cümlədən “hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmaq” barədə razılığa gəlmişlər. Bundan əlavə, sənəddə “bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək” istəyi vurğulanır.
Bəyanatda deyilir: “Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə dair özlərinin müntəzəm əlaqələrinin böyük əhəmiyyət kəsb etməsini qeyd etmiş və ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə əlavə olaraq bu formatda əlaqələri davam etdirmək barədə razılığa gəlmişlər”.
Dördüncü sənədi İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyan 2011-ci il iyunun Kazanda qəbul ediblər.
Birgə bəyanatda deyilir: “2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının prezidentləri Kazanda görüşmüş və onların tapşırığına əsasən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçirmişlər.
Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə edilməsini, bu məsələlərin həllinin Əsas Prinsiplərin bəyənilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər.
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi Rusiya, ABŞ və Fransa liderlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə daimi diqqətinə görə onlara minnətdarlıq bildirmiş və Rusiya Federasiyası prezidentinin razılaşma əldə edilməsinə kömək üçün göstərdiyi şəxsi səylərini yüksək qiymətləndirmişlər”.
Beşinci sənədə gəlincə, 2012-ci il yanvarın 23-ü Soçidə birgə bəyanat qəbul edilib.
Prezidentlərin bəyanatında deyilir: “Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri Rusiya Federasiyasının prezidentinin dəvəti ilə 2012-ci il yanvarın 23-də Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini müzakirə etmişlər.
Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd etmişlər. Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir.
Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri Sülh Sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq indiyə qədər görülmüş iş hesaba alınmaqla Əsas Prinsiplər barədə razılaşma əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildirmişlər.
Hər iki prezident Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirmiş və ümid etdiklərini bildirmişlər ki, Rusiya, ABŞ və Fransa həmsədrlər olaraq münaqişənin tənzimlənməsində bundan sonra da, regionda tam sülh və sabitlik bərqərar olana qədər fəal rol oynayacaqlar.
Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri 2011-ci il martın 5-də Soçidə qəbul edilmiş Birgə Bəyanatın müddəalarını inkişaf etdirərək həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə işləyib hazırladıqları, atəşkəs xətti boyunca təhqiqatlar aparılması mexanizmi haqqında məruzəni nəzərə almış və bu işi davam etdirməyi tapşırmışlar.
Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər”.