“Azərbaycan ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu”. Aprelin 5-də Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev şəhid ailələrinin və yaralıların yaxınlarının bir qrupu ilə görüşdə belə deyib.
AZƏRTAC-ın məlumatına görə, prezident qeyd edib ki, aprelin 2-də erməni işğalçıları Azərbaycana qarşı növbəti silahlı təxribat törədib, hərbi mövqelərə hücum çəkib, mülki əhalini, kəndləri atəşə tutublar: “Qəhrəman Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz, zabitlərimiz düşmənin təxribatının qarşısını aldılar, düşmənə layiqli cavab verdilər və təmas xəttində öz üstünlüklərini daha da möhkəmləndirdilər.
Birinci dəfə deyil ki, erməni işğalçıları bu təxribatlara əl atırlar. Mən dəfələrlə demişəm ki, onlar işğal edilmiş torpaqları daim öz nəzarətində saxlamaq istəyirlər, sülh istəmirlər. Danışıqlar prosesində özlərini qeyri-səmimi aparırlar. Beynəlxalq hüququn bütün normalarını, əxlaqi normaları pozublar. Mülki əhaliyə atəş açırlar.
Bu hadisələrdən bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində — Qazax istiqamətində təxribat törədiblər. Orada hərbiçilərimiz həlak olub. Bu hadisələr zamanı bizim kəndlərimizi daim atəşə tuturlar. Mülki əhalidən həlak olanlar var. Üç yüzə yaxın evə ziyan vurulub. Yəni, budur onların hərəkətləri. Azərbaycan əsgəri, Azərbaycan zabiti heç vaxt mülki əhaliyə qarşı vuruşmayıb, vuruşmur və vuruşmayacaq. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq. Bizim işimiz haqq işidir.
Azərbaycan ordusu bu dəfə də düşmənə yerini göstərdi, onu yerinə oturtdu. Bu gün də biz tam üstünlüyü əldə etmişik. Buna baxmayaraq biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəsi bərpa etməyə hazırıq, bir şərtlə, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Düzdür, bu, çətin prosesdir. Ancaq bilin ki, bütün əsas beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası — bütün bunlar həqiqəti əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul ediblər. Düzdür, hələ ki, bu qərarlar nəticəyə gətirib çıxarmayıb. Ancaq bu, məsələnin həlli üçün hüquqi əsasdır. Digər tərəfdən Azərbaycan siyasi, iqtisadi cəhətdən bölgədə Ermənistanla müqayisədə böyük dərəcədə irəliyə gedib.
Bir daha demək istəyirəm, baxmayaraq ki, danışıqlar nəticə vermir, biz yenə də bu danışıqlar prosesinə hazırıq. Bu təxribatı erməni tərəfi ona görə törədib ki, onlara beynəlxalq ictimaiyyət, bu məsələ ilə məşğul olan vasitəçilərdən təzyiqlər artır. Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Kim işğalçıdır, kim işğalın qurbanıdır. Ona görə danışıqlar prosesini pozmaq üçün bu təxribata əl atdılar. Bu təxribat nəticəsində biz şəhidlər verdik. Şəhidlərimiz olub, yaralılar var. Ancaq onu da bilməlisiniz, Azərbaycan xalqı bilir ki, düşmənə çox böyük sarsıdıcı zərbə vurulub. Bunun günahkarı onlar özləridir”.
Ali baş komandan əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq: “Əgər bu gün yenə də Ermənistan rəhbərliyi öz səhvlərini başa düşüb danışıqlar masasında özünü səmimi apararsa, əminəm ki, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Azərbaycan bu gün də bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır, amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da dayandırsınlar, oturduğu yerlərdə də qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin”.