Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andriyo və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Mod.gov.az-ın məlumatına görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələrlə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə Zakir Həsənov ölkənin yaşayış məntəqələrinin və mülki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb. Müdafiə naziri deyib ki, Azərbaycan ordusu uşaq və qadınlarla müharibə aparmır: “Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin əmrinə əsasən, eləcə də Azərbaycan xalqının sülhsevərliyini nəzərə alaraq hərbi əməliyyatları dayandırdıq. Amma ələ edilmiş razılaşmaya baxmayaraq Ermənistan ordusunun bölmələri atəşkəs rejimini yenə də pozur”.
Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını və ərazilərin düşməndən azad edilməsi hüququnu özündə saxladığını bildirən general-polkovnik həmsədrlərin diqqətinə çatdırıb ki, baş vermiş son hadisələrdə Silahlı Qüvvələrin məqsədi təmas xəttinə yaxın Azərbaycan kəndlərinin atəşə tutulmasının qarşısını almaq və həmin atəş nöqtələrinin məhv edilməsi olub: “Azərbaycan ordusunun həyata keçirdiyi tədbirlər ancaq müdafiənin ön xəttində olan qüvvələrimizin cəlb edilməsi ilə icra edilib”.
Müdafiə naziri döyüş toqquşmasında böyük itkilərə məruz qalan erməni hərbi qulluqçularının, eləcə də müxtəlif yerlərdən cəlb edilən muzdluların silah-sursatlarını ataraq öz mövqelərindən qaçdığını bildirib.
General-polkovnik vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirlərini davam etdirir. Nazir qeyd edib ki, münaqişənin tezliklə nizamlanmasının yeganə çıxış yolu işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasıdır.
Tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışladıqlarını bəyan edən həmsədrlər bildiriblər ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlar daha intensiv olmalı və münaqişənin tezliklə həlli istiqamətində mühüm addımlar atılmalıdır.