Taxes.gov.az Azərbaycanın vergi sistemi haqqında qısa bilgi yayıb. Qeyd olunur ki, dövlətin vergi siyasətinin əsas hədəfləri sırasında sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması; iqtisadiyyata investisiya qoyuluşunun, istehsalın, o cümlədən ixrac yönümlü istehsalın stimullaşdırılması; gəlir vergisinin dərəcələrinin, güzəşt və azadolmaların təkmilləşdirilməsi ilə əməkhaqqının ödənilməsi sisteminin leqallaşdırılmasına nail olunması; nağdsız ödənişlərin stimullaşdırılması; vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, vergi orqanı və vergi ödəyicisi arasında birbaşa əlaqələrin minimuma endirilməsi kimi vacib məsələlər də yer alır.
Vergilər Nazirliyinin rəsmi portalı Vergi Məcəlləsinə 2016-cı il yanvarın 1-dən qüvvəyə minmiş əsas dəyişiklikləri belə sıralayır:
– investisiya təşviqi sənədini almış sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin (mənfəətin) 50 faizi məbləğində gəlir və mənfəət vergilərindən 7 il müddətinə azad edilib;
– ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 000 manatdan 200 000 manatadək artırılıb;
– ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200 000 manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib;
– bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ verilib;
– daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərdən sadələşdirilmiş vergini notariusların ödəmə mənbəyində tutmalı olduğu müəyyən edilib;
– əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30 000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəşt tətbiq edilib.
Transparency.az-ın məlumatına görə, xülasədə qeyd olunur ki, 2015-ci ildə Azərbaycanda vergi yükü gəlirlərin 13,3 faizinə bərabər olub. “Heritage” Fondunun məlumatlarına əsaslanan Vergilər Nazirliyi bildirir ki, 2015-ci ildə Fransada vergi yükü gəlirlərin 45 faizini əhatə edib. Belçikada bu rəqəm 44,6 faiz, Finlandiyada 44 faiz, İsveçdə 42,8 faiz, İtaliyada 42,6 faiz olub.
Mənfəət vergisinin dərəcəsinin Azərbaycanda 20 faiz olduğu bildirilir. Fransada bu rəqəm 38 faizə, Belçikada 34 faizə, İspaniyada 28 faizə bərabərdir.
ƏDV dərəcəsi Azərbaycanda 18 faizdir. İtaliyada ƏDV dərəcəsi 22 faiz, İspaniya, Belçika, Litva və Çexiyada 21 faiz müəyyən edilib.