ABŞ-ın aparıcı nəşrlərindən olan “Vaşinqton Post” qəzeti “Azadlıq” radiosunun məhbus əməkdaşı Xədicə İsmayılın “Azərbaycanın siyasi məhbuslardan yararlanmasına imkan verməyin” başlıqlı məktubunu dərc edib.
Azadliq.org-un məlumatına görə, jurnalist yazır ki, cinayət törətmədiyi halda 7 il yarımlıq həbs cəzası çəkir: “Jurnalistəm, yeganə “cinayət”im hökumətlə və prezident İlham Əliyevin ailə üzvləri ilə bağlı korrupsiyanı araşdırmaq olub. İlham Əliyev hakimiyyəti 2003-cü ildə atasından miras alıb. 2009-cu ildə konstitusiyanı dəyişib ki, müddətsiz hakimiyyətdə qalsın. Beynəlxalq qurumlar onu “mətbuatın düşməni” adlandırıb. O, həmçinin digər fundamental azadlıqları, insanların həqiqəti bilmək hüququnu pozub.
Əliyev bu həftə Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Prezident Obamadan dəvət almaq xətrinə o, bir neçə siyasi məhbusu əfv etməli olub. Onlar həbsdən buraxılsalar da, ölkədən çıxa bilməzlər və beləliklə də, ədalət yerini tapmayıb.
Bu dəvət Əliyevə çox baha başa gəlib. O, illərdir bu məsələ ilə bağlı beynəlxalq təzyiqləri və tənqidləri qəbul etmir. Cavabı belə olur ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ötən ilin dekabrında konqresmen Kristofer Smit “Azərbaycanda Demokratiya Aktı”nı təqdim etdi, insan haqları və azadlıqlarının pozulmasını tanımağa, ayrı-ayrı rəsmiləri cəzalandırmağa çağırdı. Bu layihə qəbul olunmalıdır”.
Jurnalist yazır ki, İlham Əliyevə siyasi məhbusların buraxılması Obamanın əlini sıxa bilmək və ya neftin qəfil ucuzlaşmasından sonra dəyərsizləşən valyutası, axsayan iqtisadiyyatına Dünya Bankından kredit ala bilmək üçün gərəkdir: “Əliyev siyasi məhbuslardan xarici siyasət gündəmində alver predmeti kimi istifadə edir. Onlar da azadlığa çıxdıqlarına görə sevinirlər. Bəzi siyasi məhbusların buraxılmasına görə xoşbəxtəm, çox xoşbəxtəm. Ancaq onların və mənim mübarizəm bitməyib. Mən rəsmilərin heç nə olmamış kimi davranması naminə Bakı və Vaşinqtonun diplomatik uduşlarında dəyiş-düyüş ediləcək oyuncaq deyiləm. Biz həbsxanada və ondan kənarda rejimin girovları olaraq qalırıq. Azadlıq mənim universal və konstitusion hüququmdur, ancaq Əliyev dövlət başçısı kimi onu qoruya bilmədi. Heç vaxt törətmədiyim cinayətə görə əfv istəyən deyiləm. Mən hətta indi, həbsxanada da azadam və azadlığım satlıq deyil.
Beləliklə, prezident Obama, zəhmət olmasa, prezident Əliyevin müstəqil medianı və vətəndaş cəmiyyətini boğmağı dayandırmasını istə. Bir neçə nəfərin mənafeyi naminə “ağ fil” layihələrinə xərclədiyi neft milyardlarının hesabını sor. Ondan soruş ki, nə vaxt azad və ədalətli seçki keçirəcək. Soruş ki, bütün siyasi məhbusları nə vaxt azad edəcək. Soruş ki, fundamental azadlıqlar nə vaxt hüquqa çevrilə bilər, yəni onun verib aldığı hədiyyə olmaqdan çıxar. Bu sualları soruşdum və həbsxanaya düşdüm. Bunlar vacib suallardır. Cavabsız qalmamalıdır. Ədalət tam təmin olunanadək savaşacağıq”.
Xədicə İsmayıl Bakıdakı 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib. İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.
1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.