Bakıdakı “Oksford” məktəbinin qarşısından metronun “Gənclik” stansiyasının yaxınlığına kimi fəaliyyət göstərən 63 nömrəli marşrut xəttinin avtobuslarının istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi bu marşrut xəttinin fəaliyyətini aprelin 1-dən etibarən dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Rauf Mirqulamov bildirib.
Onun sözlərinə görə, marşrut xətlərində sürücülər tərəfindən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”nın ciddi şəkildə pozulması hallarına son qoyulması ilə əlaqədar mütəmadi olaraq marşrut xətlərinin müvəqqəti istifadəçilərinə xəbərdarlıqlar edilməsinə baxmayaraq, qayda pozuntuları hələ də təkrarlanır: “Son zamanlar 63 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Belə ki, bu ilin fevral ayının 28-də 63 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurub və nəticədə 1 piyada ölüb”.