Martın 31-i Azərbaycanlıların Soyqırımı Günüdür. Novator.az saytı professor Musa Qasımlının “31 mart 1918-ci il: tarix – olduğu kimi” məqaləsini kiçik ixtisarla oxuculara təqdim edir. Məqalə 2016-cı il martın 30-da AZƏRTAC vasitəsilə yayılıb.
31 mart 1918-ci il: tarix – olduğu kimi
Soyqırıma qədərki şəraitə qısa baxış
Birinci dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin martında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törətdilər. Anadoluda törətdikləri soyqırımlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman regionda anarxiya hökm sürürdü. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yol boyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi.
1917-ci ilin payızından etibarən Cənubi Qafqazda – tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasında (indiki Ermənistan Respublikasında), Cənubi Azərbaycanda, Borçalıda və indiki Azərbaycan Respublikası ərazisində törətdilər. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı kütləvi soyqırıma başlandı.
Soyqırımın səbəbləri
Soyqırımın törədilməsinin bir sıra səbəbləri vardi. Hər şeydən əvvəl, hələ I Pyotr zamanından başlayaraq Rusiya imperiyası Xəzərin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə qatmaq üçün guya Bakının və Azərbaycanın digər yerlərinin fərqli mədəniyyət olduğunu bildirirdi. Hətta “Bakı və Azərbaycan” ifadələri dövriyyəyə buraxılmışdı. İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza ermənilərin yerləşməsi ilə təkcə demoqrafik vəziyyət dəyişmədi, eyni zamanda onlar çarizmin Şərq siyasətində bir vasitəyə çevrildilər. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. 1917-ci ilin noyabrında Bakıda S.Şaumyan başda olmaqla sovet hakimiyyəti quruldu. Bu, azərbaycanlıların əleyhinə olan bir qurum idi. Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
İqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Təsadüfi deyildi ki, 1918-ci il mart ayının ikinci yarısında V.İ.Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R. Robinsonun “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir” sualına “Bu – neft, işıq və enerjidir”, – deyə cavab vermişdi.
Mühüm coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. O zaman Cənubi Qafqazda faktiki olaraq üç güc – Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı yaradardı. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi.
Bakıda qırğınların törədilməsinin başlıca səbəblərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Belə ki, azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar.
Qırğınların törədilməsinin digər bir səbəbi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi.
Azərbaycan əhalisi isə silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi demək olar ki, yox idi.
Bəhanə
Bu qırğınlara bəhanə də tapıldı. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının motroslarını müsəlmanlara qarşı soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə axtarılırdı. Belə bir bəhanə general Talışinski başda olmaqla müsəlman diviziyasının Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini “Evelina” gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Soveti tərəfindən tərksilah etməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi.
Soyqırımın həyata keçirilmə üsulları
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksütun və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyalıları da Bakı Soveti tərəfindən döyüşə qatıldılar. Şaumyan bu hadisə ilə bağlı yazırdı: bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərədək silahlı qüvvəmiz vardı. Həmçinin Daşnaksütnun 3-4 minə qədər milli hissələri də bizim sərəncamımızda idi. Daşnaksütunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi.
Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R.İsmayılov yazırdı: “İş o yerə çatmışdı ki, daşnaklar “biz, bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir”, – deyə hətta müsəlman sosialistlərini belə qırdılar…”.
Kütləvi qırğının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı.
Qüvvələr bərabər deyildi. Bina görə də martın 31-də azərbaycanlılar döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı.
Soyqırımın nəticələri: avropalılar və amerikalılar nə dedilər?
Bakıda törədilən soyqırımın ağır nəticələri oldu. ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər.
İndianapolisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər.
Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırlar ki, 20 min döyüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla, Sovetin qələbəsi ilə nəticələndi.
ABŞ tarixçiləri C.Makkarti və K.Makkarti 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdüyünü və şəhərin türk əhalisinin yarısının qaçdığını yazırlar.
ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. İngilis mənbələrində yazılır ki, mart ayında Bakıda müsəlman əhalinin dörddə biri öldürüldü. Həmin dövrün statistik məlumatlarından aydın olur ki, bu zaman Bakıda 280-300 min nəfər əhali yaşayırdı. Onun 80-100 min nəfəri azərbaycanlı, digərləri isə çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilənlər idi. Deməli, 80-100 min nəfər azərbaycanlı əhalinin dörddə biri 20-25 min nəfər edir. Bu rəqəm bəzi amerikan mənbələrində yazılanlar ilə eyniyyət təşkil edir.
Azərbaycan mənbələrində nə yazılır?
Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxlu məlumatlar var. Məsələn, N.Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş “Vətəndaş müharibəsinin milli rəng almaması üçün nə etmək lazımdır” adlı məqaləsində etiraf edirdi: “Fanatizmdən uzaq olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən vətəndaş müharibəsində 99 faiz bir millətin nümayəndələri qırılır. İrəvan quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı bölgələri mənim dediklərimi tamamilə təsdiq edir”. N.Nərimanov daha sonra 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində göstərirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.
Azərbaycan hökumətinin istintaq komissiyasının sənədlərindən aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini siyasi mənsubiyyətə fərq qoymadan kütləvi surətdə qırmışlar. Digər mənbələrə əsasən, yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülmüşdü.
Kütləvi qırğınlar yalnız Bakı ilə məhdudlaşmadı. Azərbaycanın və Cənubi Qafqazın digər yerlərində də azərbaycanlılara qarşı qırğınlar törədildi.
Soyqırımı törədənlər istəklərinə nail ola bildilərmi?
Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyəti və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi.
Martda Bakıda törədilən kütləvi qırğın azərbaycanlıların iradəsini qıra bilmədi. Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsi dayanmadı. Bu mübarizə nəticəsini verdi və mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu.
Azərbaycanın verdiyi qiymət
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumət 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirdi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idi.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.
31 mart tarixi iki dəfə – 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
1998-ci il martın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.