Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlının ölümündən sonra təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib.
Bu münasibətlə martın 30-da şəhidin doğulduğu Lənkəran rayonunun Vilvan kəndində mərasim keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, Qarabağ müharibəsi veteranları, kənd sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Vətən uğrunda şəhid olmuş Qalib Zülfüqarlının daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu diqqətə çatdırıblar.
AZƏRTAC xəbər verir ki, şəhid Qalib Zülfüqarlının layiq görüldüyü medal onun qardaşı Qabil Zülfüqarlıya təqdim olunub.