İqtisadçı ekspert Samir Əliyev milli valyutanın son günlər möhkəmlənməsini şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert sosial şəbəkədə yazıb ki, həm dünyada, həm də ölkədə cərəyan edən proseslər manata güc verib. Ekspert həmin proseslərin müvəqqəti xarakter daşıdığını vurğulayıb: “Neftin qiymətinin 40 dollar civarında sabitləşməsi və ABŞ-da Mərkəzi Bank funksiyası daşıyan Federal Ehtiyat Sistemi (FES) rəhbərinin uçot dərəcələrini ehtiyatla qaldırmaq haqda açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddətə dayandırıb. Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır.
Digər tərəfdən Azərbaycan Mərkəzi Bankı manat kütləsini azaltdığından banklarda manat qıtlığı yaranıb və valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manat son günlər bahalaşır. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşıb. Xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirir. Həm bazara əlavə dollar çıxması, həm də manata ehtiyacın artması milli valyutanı gücləndirib.
Qarşıdakı bir-iki həftədə manat dollar qarşısında güclənməkdə davam edəcək. Hətta 1 dollar 1 manat 50 qəpiyə düşə bilər. Hər bir halda bunlar müvəqqəti xarakter daşıyır. Uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və milli valyuta hazırda daha çox inzibati addımlardan dəstək alır”.
Samir Əliyevin sözlərinə görə, manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması onun möhkəmlənməsini şərtləndirmir.
Martın 30-da “AzəriLayt” markalı neftin bir barreli dünya bazarında 40,26 dollara təklif olunub.
Həmin günə Azərbaycanda dolların rəsmi məzənnəsi 1 manat 56 qəpiyə yaxın olub. Mart ayının əvvəllərində dolların rəsmi məzənnəsi 1 manat 64 qəpiyə çatmışdı.