Martın 28-də Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Son günlər işğal olunmuş ərazilərdə xeyli itkiyə məruz qalan erməni tərəfi uğursuzluqların əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb. Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri münaqişədə iştiraka sövq etməyə çalışır.
Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.
Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!”
Məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.