“Fərqli düşüncəli ictimai fəalların şərlənərək həbs olunması taktikası dəyişir. Əgər əvvəlki illərdə onlara qarşı daha çox narkotik ittihamı irəli sürülürdüsə, son zamanlar xuliqanlıq ittihamı geniş yayılır”. Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu fikirdədir.
Novator.az-ın məlumatına görə, Oqtay Gülalıyev sosial şəbəkədə paylaşdığı yazısında qeyd edib ki, narkotik ittihamı artıq əvvəlki kimi effektli və inandırıcı deyil: “Necə deyərlər, gözdən və dəbdən düşüb. Çünki hədəfdə olan bir çox ictimai fəal, hüquq müdafiəçisi, jurnalist, dindar və başqaları siqaret belə çəkmir. Siqaret çəkməyən adamı narkotik qəbul etməkdə, satmaqda ittiham etmək gülünc görünür, inandırıcı deyil. Digər tərəfdən bu maddə ilə irəli sürülən ittihamı təsdiq etmək istintaq orqanlarını, məhkəmə tibbi-ekspertiza idarələrini və məhkəmələri çox zaman çətin və çıxılmaz duruma salır. Narkotik qəbul etməyən şəxsin “narkoman” olmasını sübut etməklə ittihamın arxasında sona qədər dayanmaq məsuliyyətli olduğu qədər də çətindir. Bundan çıxış yolu kimi daha asan və “məsuliyyətsiz variant” tapıblar. Xuliqanlıq ittihamı. Yəni ictimai fəalları xuliqanlıqda ittiham etmək. Bunun üçün qondarma bir şikayətçi, bir-iki nəfər də “dejurnı üzəduran” olsa bəs edir”.
Oqtay Gülalıyev yazır ki, son zamanlara qədər siyasi məhbuslara qarşı irəli sürülən çeşidlədikdə, aşağıdakı sıralama alınır:
– Hakimiyyəti zorla ələ keçirmə (Cinayət Məcəlləsinin 278-ci maddəsi);
– Hakimiyyət nümayəndəsinə müqavimət (Maddə 315);
– İğtişaşların təşkili və iştirak (Maddə 220.1);
– Qanunsuz dini təbliğat (Maddə 167);
– Qanunsuz silah gəzdirmə (Maddə 228);
– Narkotik maddələri saxlama, satma (Maddə 234);
– Xuliqanlıq (Maddə 221);
– Vergidən yayınma (Maddə 213) və s.
Hüquq müdafiəçisinin sözlərinə görə, son illər xuliqanlıq ittihamı hakimiyyəti tənqid edənləri susdurmaq üçün seçilmiş ən “münasib və populyar ittiham maddəsi” kimi sıralamada ön plana keçməkdədir. Onun fikrincə, bu maddə ilə ictimai fəalları, tənqidçiləri şərləyib həbs etmək hakimiyyətə daha rahat görünür: “AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin məhkəmə prosesində iştirak edərkən bu ssenaridən geninə-boluna istifadə edildiyinin bir daha şahidi oldum.
Kiçik araşdırma apardım. Məlum oldu ki, son illər həbs həyatı yaşamış və hazırda həbsdə olan bir çox siyasi məhbus məhz Cinayət Məcəlləsinin 221.2, 221.3-cü maddələri ilə ittiham olunub. Məsələn, ötən illərin səs-küylü həbslərindən olan Emin Milli və Adnan Hacızadənin dəmir barmaqlılar arxasına göndərilməsi ssenarisi bu maddə ilə həyata keçirilib. Onlar Bakıda restoranların birində hücuma məruz qalsalar da, sonradan zərərçəkmiş şəxsdən təqsirləndirilən şəxsə çevriliblər. Basqına məruz qalandan sonra Emin və Adnan şikayət etmək və tibbi yardım almaq üçün polisə gediblər, lakin nəticədə özləri xuliqanlıq ittihamı ilə həbs ediliblər. 17 ay qanunsuz həbs həyatı yaşayıblar.
Hakimiyyətin sərt tənqidçilərindən olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid iş yerinin yaxınlığında eyni motivlə şərlənib həbs olunub və haqqında 4 il azadlıqdan mərhum edilmə hökmü çıxarılıb.
İndi həbsdə olan NİDA-çı İlkin Rüstəmzadə “Harlem Shake” videosunu hazırlamaqda və internetdə yaymaqda ittiham edilərək həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi (221.2.1 və 221.2.2) ilə ittiham irəli sürülüb. Halbuki o, ictimai fəallığına və “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçılarından olduğuna görə şərlənib həbs edilib.
Müstəqil jurnalist Fuad Hüseynov Ucar rayonunda yerli məmurları korrupsiyada ittiham etdiyinə görə 2010-cu ilin oktyabrında yenə də xuliqanlıq ittihamı ilə 6 il yarım həbs cəzası alıb.
Xuliqanlıq ittihamlarından siyasi motivli başqa işlərdə də istifadə edilir.
Xeber44.com saytının redaktoru Araz Quliyev hazırda 8 illik həbs cəzası çəkməkdədir. Onu müxtəlif ittihamlarla məhkum ediblər, lakin ilk dəfə ona qarşı da xuliqanlıq ittihamı irəli sürülüb. Guya 2012-ci ilin sentyabrında beynəlxalq folklor festivalının işini pozubmuş.
“Xural” qəzetinin müxbiri Aydın Caniyev də Lənkəran rayonunda bir məscidin şüşələrini sındırmaqla xuliqanlıq törətməkdə ittiham olunub, 2011-ci ilin sentyabrından 2012-ci ilin dekabrınadək həbsxanada saxlanılıb.
Hazırda siyasi fəal Nemət Pənahlı, Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqlı, AXCP Rəyasət Heyətinin üzvü, jurnalist Seymur Həzi, hüquq müdafiəçisi Taleh Xasməmmədov, artıq haqqında bəhs etdiyimiz Məmməd İbrahim və digər siyasi məhbuslar saxta xuliqanlıq ittihamı ilə qanunsuz həbs həyatı yaşayırlar”.
Sonda Oqtay Gülalıyev vurğulayır ki, hakimiyyətə arxalanan bəzi qoçu dəstələri, qoluzorlular günün günorta çağı ictimai yerlərdə insanları təpik altına salıb vəhşicəsinə döysələr də, onların hərəkəti ya ümumiyyətlə xuliqanlıq kimi qiymətləndirilmir, ya da xuliqanlıq kimi qiymətləndiriləndə də onlara bir neçə sutkalıq inzibatı həbs cəzası verilir: “Amma etmədiyi cinayətə görə eyni əməli törətməkdə ittiham olunan Yadigar Sadıqlı, Seymur Həzi, Taleh Xasməmmədov, məhkəməsi yenicə yekunlaşmış Məmməd İbrahim və digərləri 3 ildən 6 ilə qədər azadlıqdan məhrum edilir. Bu, qanunsuzluq, ayrı- seçkilik, hüquqi nihilizmin təsdiqi deyilmi?”