Martın 15-i Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını keçirən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Teyyub Ərdoğan sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Ərdoğan qeyd edib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında enerji, nəqliyyat məsələləri, müdafiə, hərbi istiqamətlərdə əməkdaşlıq müzakirə olunub. Türkiyə prezidenti hökumətlər arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair protokol, diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında sazişlərin və başqa sənədlərin imzlandığını vurğulayıb: “Bütün bu fəaliyyətlə bərabər 25 il ərzində Azərbaycanın çatdığı səviyyəni, nail olduğu uğurları türkiyəli qardaşları olaraq daim təqdir etdik və təqdir edirik. Bugünkü iclasımızın, keçirdiyimiz görüşlərin, qəbul etdiyimiz qərarların Azərbaycanın bu sürətli inkişafına dəstək olacağına inanıram.
Təkbətək görüşdə ətraflı müzakirələr apardıq, ondan sonra nümayəndə heyətləri arasında görüş keçirdik. Nazirlərimiz öz aralarında gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr apardılar. Bildiyiniz kimi, ilboyu nazirlərimizin görüşləri keçirilir və prezidentlərin də iştirakı ilə bir il Azərbaycanda, bir il Türkiyədə olmaqla bu iclaslar davam edir”.
Ərdoğan Azərbaycanla birlikdə həyata keçirilən TANAP layihəsindən söz açıb: “TANAP-da işlər əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq sürətlə irəliləyir. Hətta layihənin nəzərdə tutulan müddətdən əvvəl tamamlanması üçün çalışırıq. TANAP-ın onurğa sütununu təşkil edən “Cənub” qaz dəhlizi məsələsində də bütün tərəfdaşlarla sıx əlaqədə çalışırıq. Bu münasibətlə fevralın 29-u Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısını keçirdiyi üçün Azərbaycanı təbrik edirəm.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də nəqliyyat sahəsindəki mühüm layihəmizdir. Londondan Pekinə qədər dəmir yolu nəqliyyatını mümkün edəcək layihənin, inşallah, dekabrda birlikdə açılışını edəcəyik. Bu nəhəng layihə dünyaya önəmli bir mesaj olacaq.
Ticari əlaqələrimizə gəldikdə, qlobal iqtisadi böhran və neftin qiymətinin aşağı düşməsi 2015-ci ildə inkişaf tempinə təsir etdi. Buna baxmayaraq 2023-cü il üçün 15 milyard dollarlıq hədəfimizi qüvvədə saxlayırıq və bunu həyata keçirmək üçün, inşallah, lazım olan tədbirləri görəcəyik.
Qarşılıqlı sərmayə qoyuluşu hazırda 13 milyard dollar səviyyəsindədir. Bunu da artıraraq, inşallah, beş ildə 20 milyard dollar səviyyəsinə çatdırmağı planlaşdırırıq. İclasımızda xüsusilə Naxçıvanın artan ixracat potensialını dəyərləndirərək müştərək fəaliyyətə qərar verdik. İstər Naxçıvanın məhsullarını ölkəmizdə görmək, istərsə də onun turizm imkanlarından yararlanmaq mühüm istiqamətdir.
Görüşlərimizdə hərbi sənaye və təhlükəsizlik məsələlərini bir daha müzakirə etdik. Müdafiə sənayesi sahəsində bəzi konkret addımların atılmasını qərarlaşdırdıq. Qarşıdakı aylarda keçiriləcək üçüncü Türkiyə-Azərbaycan Müdafiə Sənayesi Əməkdaşlığı Toplantısının bu baxımdan mühüm fürsət olacağına inanıram”.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan bütün sahələrdə uğurlu əməkdaşlıq qurub və Ankarada imzalanan sənədlər, danışıqlar bir daha iki ölkənin birliyini nümayiş etdirir: “Bizi hərbi əməkdaşlıq birləşdirir. Hərbçilərimiz bu yaxınlarda birgə təlimlər keçirib. Hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Biz artıq Türkiyədən müxtəlif hərbi texnika, silahlar alırıq. Türkiyənin bu sahədəki uğurları, əlbəttə ki, Azərbaycanın da müdafiə potensialını gücləndirir.
Bizi enerji layihələri birləşdirir. 2012-ci ildə məhz Türkiyə və Azərbaycan TANAP layihəsinə start verdi. Əgər o vaxt biz TANAP layihəsinə start verməsəydik, bu gün “Cənub” qaz dəhlizi layihəsi reallaşa bilməzdi. Bu dəhlizin icrasında Türkiyə və Azərbaycan aparıcı rol oynayır. Biz çalışacağıq ki, bu transmilli, böyük maliyyə vəsaiti tələb edən layihəni vaxtında icra edək. Əminəm ki, 2 ildən sonra biz TANAP layihəsinin açılışını qeyd edəcəyik.
Nəqliyyat sahəsində bizim birgə icra etdiyimiz layihə qitələri birləşdirir. Bu gün bu məsələ geniş şəkildə müzakirə olundu və artıq nəqliyyat sahəsində yeni imkanlar mövcuddur. Bu imkanlar araşdırılır. Biz çox istərdik ki, Türkiyədən gələn yüklərin sayı artsın və Azərbaycan ərazisindən müxtəlif istiqamətlərə yönəlsin. Buna nail olmaq üçün artıq praktiki addımlar atılmaqdadır”.