Prezident İlham Əliyev polis general-leytenantı Vilayət Eyvazovu daxili işlər nazirinin birinci müavini təyin edib.
Vilayət Eyvazov 1968-ci ildə Culfanın Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1994-cü ildə daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib.
2005-ci ildən daxili işlər nazirinin müavini idi. “Azərbaycan Bayrağı”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. 2004-cü ildə polis general-mayoru, 2006-cı ildə polis general-leytenantı ali xüsusi rütbəsi alıb.
Ailəlidir. Üç övladı var.
Transparency.az bildirir ki, daxili işlər nazirinin birinci müavini postu martın 11-də yaradılıb. Həmin gün prezident fərmanı ilə Daxili İşlər Nazirliyinin əsasnaməsinə müvafiq dəyişiklik edilib. Yeniliyə görə, nazir olmayanda onun səlahiyyətlərini birinci müavin həyata keçirir.
Martın 11-də Daxili İşlər Nazirliyinin strukturunda da dəyişiklik olub. Təchizat İdarəsi Maddi-Texniki Təminat Baş İdarəsinə çevrilib, Əsaslı Tikinti İdarəsi ləğv olunub.