Nazirlər Kabineti Milli Məclisin 15 mart iclasında 2015-ci ilə dair hesabat verir. Hesabat məruzəsi ilə baş nazir Artur Rasizadə çıxış edib.
AZƏRTAC-ın məlumatına görə, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ötən il dünya iqtisadiyyatında mənfi meyllər daha da güclənib, iqtisadi fəallıq xeyli zəifləyib: “Təbii ki, bu mənfi meyl Azərbaycandan da yan keçməyib. Ancaq prezident İlham Əliyevin məqsədyönlü siyasəti bu mənfi meyllərin ölkə iqtisadiyyatına təsirini minimuma endirib. Ümumi daxili məhsulun 1,1 faizlə ifadə olunan artımı indiki şəraitdə məqbul hesab edilə bilər. Artım bütövlükdə qeyri-neft sektorunun payına düşür”.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan hər zaman investisiya qoyuluşu üçün cəlbedici olub: “Keçən il bu özünü bir daha göstərib. Ötən il ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə 16 milyard manata yaxın vəsait qoyulub. Bu vəsaitin 56 faizi daxili maliyyələşmə hesabına təmin olunub. Ölkənin neft sektoruna 7,1 milyard, qeyri-neft sektoruna 8,8 milyard manat investisiya ayrılıb. Bu, qeyri-neft sektorunda sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradıb.
2015-ci ildə Azərbaycan dünyanın 165 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövriyyənin 47 faizi və ixracın 60 faizi Avropa İttifaqı dövlətlərinin payına düşür”.