Vətəndaş cəmiyyəti fəallarının birləşdiyi Sivil Toplum Platforması Azərbaycan üçün ağrılı problemə çevrilmiş yol-nəqliyyat hadisələri ilə bağlı narahatlığını və tələblərini ölkə ictimaiyyəti ilə bölüşüb.
Novator.az-ın məlumatına görə, qurumun bununla bağlı yaydığı açıqlamada deyilir ki, son günlər yenə də ölüm halları qeydə alınmış ağır yol hadisələri baş verib və bunların bir çoxu ictimai nəqliyyat vasitələrinin iştirakı ilə törədilib: “Hətta sərnişin avtobusunun məktəbliləri vurması kimi təşviş yaradacaq qəzanın üstündən sükutla keçilib. Ölkə prezidentinin mühafizə xidmətinə aid olduğu iddia edilən avtomobilin yaratdığı ağır yol hadisəsi barədə də rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.
Ən pisi odur ki, tez-tez baş verən faciəli yol qəzalarına rəğmən, onların səbəbləri barədə yetərincə dolğun yanaşmalar, ictimai müzakirələr, problemləri həll edəcək qurumlar qarşısında aydın tələblər, həmin rəsmi qurumların isə məqbul izahları yoxdur. Ümumilikdə isə hökumət yol-nəqliyyat qurbanlarına görə məsuliyyət daşımırmış kimi davranır və sanki bütün bunlara görə yalnız “yol canavarı” adlı xəbərlərdə tez-tez səslənən absurd günahkar cavabdehdir.
Halbuki bir çox ölkədə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yol qəzalarının sayı minimuma enib, xəsarət alanların və ölənlərin sayı hədsiz azalıb. Bu tendensiyanın bütün dünyada müşahidə edilməsindən ruhlanan BMT Baş Assambleyası 2010-cu ildə yol-nəqliyyat hadisələri zamanı ölüm hallarının iki dəfə azaldılması barədə Onillik Fəaliyyət Proqramı qəbul edib və Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) bunun əsasında üzv ölkələr üçün vacib istiqamətləri və addımları əhatə edən tövsiyə proqramını hazırlayıb. Artıq bütün dünya əmindir ki, doğru yanaşma və effektli tədbirlərlə hökumətlər yol-nəqliyyat hadisələrinin zərərlərini kifayət qədər azalda bilər.
İl ərzində əhalinin 1000 nəfərinə düşən yol-nəqliyyat ölümlərinin sayının azaldılmasına görə Avropa ölkələri artıq kəskin irəliləyiş əldə edib. Azalma ilbəil müşahidə edilməkdədir. 2010-cu ildən bu yana ölüm halları bütün Avropa üzrə ümumilikdə 8,1% azalıb. Azərbaycanda isə rəsmi rəqəmlər heç bir azalmadan xəbər vermir. 2010-cu ildə yol qəzalarında həlak olanları sayı 925 nəfər olmuşdusa, 2014-cü ildə 1124 nəfərin öz həyatını itirməsi rəsmi statistikada ifadə olunub. Yol-nəqliyyat hadisələrinin sayında da azalma müşahidə edilməyib, halbuki qəzaların bir qisminin rəsmiləşmədən yayındırıldığı da heç kimdə şübhə yaratmır. Bu gedişlə ölkəmiz 2020-ci ilədək nəinki ölüm halları sayının 2 dəfə azaldılmasına nail olmayacaq, ümumiyyətlə, bu göstəricinin artmasının da qabağını ala bilməyəcək.
Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ilin yekunlarına həsr olunan hesabatında bildirilir ki, yol-nəqliyyat hadisələri zamanı əhalinin 1000 nəfərinə düşən ölüm hallarına görə Azərbaycan orta Avropa göstəricindən də aşağıda yer tutur. İsveç və Böyük Britaniyada bu göstərici 3 olduğu halda, Azərbaycanda 10-dan çoxdur. Adıçəkilən ölkələrdə 1000 nəfərə 450-dən çox, Azərbaycanda isə 100-dən də az avtomobil düşdüyünü, yəni onlardakı nəqliyyat vasitələrinin sayının bizdəkindən təxminən 5 dəfə çox olduğunu nəzərə aldıqda, fərqin nə qədər acınacaqlı olduğunu daha yaxşı başa düşə bilərik.
Yol-nəqliyyat hadisələri təkcə insan itkisi və vətəndaşlara vurulan xəsarətlər kimi də başa düşülməli deyil, bu qəzalar milli iqtisadiyyata da ciddi zərər vurmuş olur, heç də az olmayan əlavə ziyanlar və xərclər yaradır”.
Sivil Toplum Platforması hesab edir ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin və onun qurbanlarının çox olmasını şərtləndirən bu amillər də mövcuddur: yanlış idarəçilik, hüquqi məsuliyyətsizlik və korrupsiya. Platforma bəyan edir ki, bu amillərin mövcudluğu şəraitində heç bir irəliləyişə nail olmaq mümkün deyil: “Bura avtomobillərin texniki vəziyyətinə və sürücülərin bacarığına obyektiv nəzarətin olmaması, sürücülük təhsilinin yüksək dərəcədə rüşvətə uğraması, yol-hərəkət nişanlarının azlığı, yolların, yol birləşmələrinin və keçidlərinin riskli olması, həmçinin bir çox halda qanunvericilik problemi də daxildir. Hətta DYP əməkdaşlarının məsuliyyətsiz iş prinsipləri – avtomobil qovmaları, qaydaları istədikləri vaxt pozmaları, avtomobilləri əlverişsiz yerdə saxlamaları kimi hallar da qəzalara səbəb olur. Yalnız cərimələri yüksəltməklə vəziyyəti dəyişmək mümkün deyil.
Ədalətli məhkəmə sisteminin qurulmaması, polis orqanlarındakı özbaşınalıq, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin olmaması da vəziyyətin dəyişməsinə mane olan səbəblərdəndir. Bir sözlə, ölkədə demokratik idarəçiliyin yoxluğu, qanunçuluğa əməl edilməməsi, hesabatlılığın və ictimai nəzarətin olmaması, ümumiyyətlə, sistem problemlərinin aradan qaldırılmaması bütün sahələrdə olduğu kimi, yol-nəqliyyat sahəsində də ciddi fəsadlara səbəb olub. Elə bu səbəbdən də 2007-2015-ci illərdə Nəqliyyat Nazirliyinə ayrılmış olduqca böyük həcmli və xərclənməsinin şəffaflığı təmin edilməyən 11,3 milyard ABŞ dolları həcmində investisiya da durumu yaxşıya doğru dəyişməyib”.
Sivil Toplum Platforması hesab edir ki, yol-nəqliyyat hadisələrinin azaldılması hökumətlərin məsul olduğu bir vəzifədir, bunun üçün riskləri azaltmağa yönələn kompleks fəaliyyət və tədbirlər planı olmalıdır. Bu sahədə dəyişikliyə nail olmaq üçün, həm yanlış idarəçilik və korrupsiya halları aradan qaldırılmalı, həm də yol hərəkəti təhlükəsizliyini təmin edəcək uğurlu beynəlxalq təcrübənin tətbiqinə başlanmalıdır. Bu sahəyə aid qanunvericilik təkmilləşdirilməli, polis işçilərinin vəzifələrini qanuni çərçivəsində və başqalarının həyatına məsul olan şəxslər kimi yerinə yetirməsi təmin edilməlidir.
Platforma bəyan edir ki, vətəndaşların təhlükəsizliyini, həyatını və mülkiyyətini qorumaq dövlət qurumlarının vəzifəsidir və bu vəzifə yerinə yetirilməlidir.