Bir qrup iqtisadçı, hüquqçu, QHT rəhbəri prezident İlham Əliyevə müraciət edib. Transparency.az-ın məlumatına görə, müraciətdə bankların əhaliyə xarici valyutada verdiyi kreditlərlə bağlı vəziyyətə toxunulur: “2015-ci ildə manatın kəskin devalvasiyasından sonra bir çox vətəndaşımızın maddi vəziyyəti xeyli ağırlaşıb, onların əhəmiyyətli hissəsi psixoloji gərginlik altına düşüb. Araşdırmalarımız göstərir ki, kreditlərin böyük əksəriyyəti sosial yönümlü kreditlərdir. İnsanlar bir qayda olaraq məişət problemlərinin həlli məqsədilə kredit götürüblər. Kredit üçün müraciət edən insanlar əksər halda manatla krediti almaq mümkün olmadığına görə xarici valyutada kredit götürməyə məcbur olublar. Ehtiyac içində olan vətəndaşa bir çox banklarda krediti yalnız xarici valyutada almağın mümkün olduğu deyilib və insanlar başqa çıxış yolu tapmadıqlarından bu təklifi qəbul ediblər.
Xarici valyutada gəliri olmayan bu insanlar bir il ərzində manatın məzənnəsində baş vermiş kəskin ucuzlaşmadan sonra kreditləri ödəyə bilmirlər. Buna onların manatla olan gəlirləri imkan vermir. Keçən il fevral ayının 21-nə qədər kredit üçün aylıq ödənişi 200 manat olan vətəndaş indi həmin krediti bağlamaq üçün 400 manat xərcləməlidir. Bu isə real deyil. Çünki onların gəlirləri bu miqyasda artmayıb. Bəziləri isə böhranla bağlı iş yerlərini itiriblər.
İnsanların belə maliyyə yükünü çəkmək imkanı praktik olaraq yox dərəcəsindədir. Digər tərəfdən yaranmış bu durum bankların da vəziyyətini getdikcə ağırlaşdırmaqdadır.
Əldə etdiyimiz məlumatlara görə, bu gün əhali xarici valyutada olan kreditləri praktik olaraq ödəmir. Bu kreditlərin qayıtmaması bank sistemini bütövlükdə iflic vəziyyətə sala bilər. Bəzi banklar yaranmış vəziyyətdən istifadə edərək müştərilərə kreditlərə güzəşt tətbiq etdiklərini deyib onlara müəyyən ödənişlər etdirir və sonradan ödənilən məbləğin üçdə iki hissəsini kredit faizlərinə silirlər.
Bir sözlə, bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökmranlıq edir. Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Vətəndaşların dövlət qayğısına inamının möhkəmləndirilməsi, onların maraqlarının qeydsiz-şərtsiz təmin edilməsi üçün, fikrimizcə, dollarla kredit almış olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir. Dövlətimizin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir. Bu cür kompensasiyalar dövlətə inamın sarsıntıya uğramasından daha az itki olar”.
Müraciətdə fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbul edilməsi, Mərkəzi Kredit Bürosunun yaradılması, maliyyə ombudsmanı institutunun təsis edilməsi, pərakəndə ticarətin inkişafı üçün TAKSİT sisteminin tətbiqi, lombardlar və lizinq qurumlarının fəaliyyətinə nəzarətin gücləndirilməsi kimi təkliflər də yer alır.
Müraciəti Sabit Bağırov, Fikrət Yusifov, Ruslan Atakişiyev, Vüqar Bayramov, Eldar Qocayev, Sirus Abasbəyli, İlkin Qarayev, Qalib Toğrul, Azər Mehtiyev, Eyyub Hüseynov, Abil Bayramov imzalayıblar.