İqtisadçı ekspert Qubad İbadoğlu ölkənin üç qurumunun valyuta təkliflərinə nəzər salaraq bazarda tarazlığı qorumağın mümkün olmayacağını yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, büdcəyə transfert artırıldıqdan sonra Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri 8 milyarda yaxınlaşıb: “Belə olan halda ARDNF ay ərzində valyuta bazarına orta hesabla 400 milyon dollar çıxara bilər. Bu isə valyuta bazarının ehtiyaclarını ödəmək və tələbi qarşılamaq üçün kifayət etməyəcək. Çünki 2016-c il büdcəsinin beynəlxalq öhdəlikləri və dövlət borcuna xidmət xərcləri ayda 150 milyon dollar məbləğində valyutaya tələbat yaradır.
Bundan başqa ötən il yalnız sərbəst dönərli valyuta (SDV) ilə rəsmi olaraq bəyan edilən idxal əməliyyatları üzrə hesablaşmalar 6,5 milyard dollar olub. Baxmayaraq ki, bu hesablama yalnız rəsmi idxal göstəricilərinin bazasında aparılıb, gerçəklikdə idxal əməliyyatları rəsmi açıqlanan rəqəmdən 50 faizə qədər çox olur, idxalın həcmini ötən ilin rəsmi səviyyəsinə bərabər götürəndə onun reallaşması üçün hər ay orta hesabla 550 milyon dollar vəsait tələb olunacaq.
Bununla yanaşı hazırda bankların, dövlət və özəl şirkətlərin xarici banklar qarşısında öhdəlikləri 10 milyard dolları ötür və bu borclara xidmət xərcləri daxili bazarda mal və xidmətlərini manatla reallaşdıran təşkilatlarda dollara əlavə tələbat yaradır.
Xarici investorların valyutaya ehtiyaclarını, vətəndaşların valyuta ilə əməliyyatlarını da nəzərə alanda ölkədə sərbəst dönərli valyutaya orta aylıq tələbat ən azı 1 milyard dollar olacaq, bu da il ərzində valyuta bazarında təklifin ən azı 12 milyard dolları ötməsi deməkdir. Bunun üçdə biri Dövlət Neft Fondunun hesabına təmin olunarsa, yerdə qalan üçdə ikisi Mərkəzi Bankın hazırkı valyuta ehtiyatlarından 2 dəfə çox məbləğə tələbat yaradır.
Mərkəzi Bankla yanaşı bu yöndə xərcləri bölüşmək imkanı Azərbaycan Dövlət Neft Şirkətində olsa da, hazırda qurumun özünün valyuta ilə olan borclarını və öhdəliklərini qarşılama çətinlikləri var. Odur ki, yalnız Mərkəzi Bankın ehtiyatları və Dövlət Neft Fondunun daxili bazardakı təklifləri ilə valyuta bazarında tarazlığı qorumaq mümkün olmayacaq. Manatın başı üzərində qara buludlar qalmaqdadır, onun sabitləşməsi ilə bağlı son bəyanatlar isə siyasi məqsədlərə xidmət edir. İqtisadi gerçəklik narahatçılıq üçün ciddi əsaslar yaradır”.