Martın 14-də AZƏRTAC-ın yaydığı məlumata görə, Çinin paytaxtı Pekində Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunun verilməsinə dair memorandum imzalanıb. Sənədə Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və ŞƏT-in baş katibi Rəşid Alimov qol çəkiblər.
Mərasimdə təşkilatın üzvü olan, müşahidəçi və dialoq üzrə tərəfdaşı olan ölkələrin, o cümlədən Rusiyanın, Qazaxıstanın, Özbəkistanın, Türkiyənin, Pakistanın, Monqolustanın, Kambocanın səfirləri iştirak ediblər.
İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə yeni mərhələyə daxil olan Azərbaycan-ŞƏT əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağına əminlik ifadə edilib. Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunu əldə etmənin ölkə üçün vacib hadisə olduğunu qeyd edən Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın ŞƏT-də təmsil olunan ölkələrlə ikitərəfli qaydada dərin münasibətləri var.
Görüşdə ölkələrin ərazi bütövlüyü və suverenliyi, sivilizasiyalararası dialoq, nəqliyyat və turizm məsələləri, o cümlədən qədim İpək Yolu üzrə yük daşımaları mövzularına da toxunulub. Qeyd olunub ki, üzvləri İpək Yolu üzərində yerləşən ŞƏT-in Azərbaycanla əməkdaşlığının dərinləşməsi nəqliyyat sahəsində yeni imkanlar açacaq.
ŞƏT 2001-ci il iyunun 15-də Şanxay şəhərində Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə yaradılan dövlətlərarası beynəlxalq təşkilatdır. Məqsədi üzv ölkələr arasında qarşılıqlı etimadı və mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək, onları siyasi, ticari-iqtisadi, elmi-texniki və mədəni, habelə təhsil, energetika, nəqliyyat, turizm, ətraf mühitin mühafizəsi sahələrində səmərəli əməkdaşlığa təşviq etmək, regionda sülhün, sabitliyin və təhlükəsizliyin birgə dəstəklənməsi və təminatında iştirak etməkdir.
Təşkilatın ali orqanı iclasları ildə bir dəfə keçirilən dövlət başçıları şurasıdır. Bundan başqa hökumət başçıları şurası, parlament rəhbərlərinin, təhlükəsizlik şurası sədrlərinin, xarici işlər, müdafiə, iqtisadiyyat və digər sahələr üzrə nazirlərin, hüquq mühafizə orqanları rəhbərlərinin görüşləri mexanizmləri də fəaliyyət göstərir. Katibliyi Pekində yerləşən ŞƏT-də İran, Əfqanıstan, Monqolustan, Belarus, Hindistan və Pakistanın müşahidəçi statusu var. Türkiyə, Şri-Lanka, Kamboca, Nepal və Ermənistan təşkilatın dialoq üzrə tərəfdaşıdır.
Azərbaycana dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar Şanxay Əməkdaşlıq Təşkilatının ötən ilin iyulunda Ufa şəhərində keçirilmiş zirvə görüşündə qəbul olunub.