Martın 11-də Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun şikayətinə baxıb.
Şikayət Yasamal Rayon Məhkəməsinin 11 fevral qərarından verilib. Leyla və Arif Yunuslar müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmağa icazə verilməsini istəyiblər. Məhkəməyə ərizədə qeyd olunub ki, həkim ekspertin rəyinə əsasən, Leyla Yunus və Arif Yunus ağır xəstəliklərdən əziyyət çəkirlər, təcili müalicəyə ehtiyacları var. Məhkəmə onların müraciətini təmin etməyib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə Həsən Əhmədov sədrlik edib. “Azadlıq” radiosunun məlumatına görə, vəkil Elçin Sadıqov çıxışında deyib ki, hər iki şəxsin Berlindəki klinikada müalicəyə ehtiyacı var: “Leyla və Arif Yunusların səhhəti onlar həbsdə olan dövrdə ağırlaşıb. Bakı Apellyasiya Məhkəməsi həkim rəyi əsasında onların şərti cəza ilə azadlığa buraxılmasına qərar verib. Leyla Yunus xroniki hepatit, şəkərli diabet, öd kisəsində daşdan əziyyət çəkir. Onun təcili əməliyyata ehtiyacı var.
Arif Yunusun da həyatına təhlükə yaradan xəstəliyi və bu üzdən xəstəxanada stasionar şəraitdə müalicənin vacibliyi barədə həkim rəyi verilib. O, Berlindəki xəstəxanaya müşayiət altında getməlidir. Müalicənin qarşısının alınmasına yönələn hərəkətlər Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan işgəncəyə, pis rəftara məruz qalmamaq hüququnun pozuntusudur”.
Arif Yunus çıxışında Berlin klinikasına sırf cərrahiyyə əməliyyatına görə getmələrinin vacib olduğunu deyib: “Məndə təzyiqlə yanaşı başqa xəstəliklər də var. Başımın arxasında şiş var, amma bizim həkimlər bunun nə şiş olduğunu müəyyənləşdirə bilmir”.
Leyla Yunus çıxışında hər ikisinin həyatının təhlükə qarşısında olduğunu bildirib: “İkimiz də ağır xəstəyik. Əgər bizi həbsdən buraxmasaydılar, ən azı birimiz indi sağ olmayacaqdıq. Mən Azərbaycan prezidenti İlham Əliyevə bizi həbsdən buraxdığına görə minnətdaram. Biz ölmədik, amma müalicə də olunmamışıq. İstənilən vaxt ölə bilərik. Biz hələ yanvardan təcili müalicəyə başlamalı idik”.
Prokuror Seyhun Azadəliyev apellyasiya şikayətinin təmin olunmamasını istəyib. Məhkəmə şikayəti təmin etməyib, Leyla və Arif Yunusların müalicə üçün müvəqqəti Azərbaycandan kənara çıxmasına icazə verilməyib.
Leyla və Arif Yunuslar 2014-cü ilin yayında tutulublar. Onlar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi maliyyə cinayətlərində təqsirli sayaraq Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.
Arif Yunus səhhətinə görə noyabrın 12-də həbsdən buraxılıb. Dekabrın 9-da isə Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.