
“Bu vəziyyət bizi islahatlarla bağlı səmərəli işləməyə məcbur edir”
“Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir”. AZƏRTAC-ın məlumatına görə, martın 10-da “Çoxqütblü dünyaya doğru” mövzulu IV Qlobal Bakı Forumunda çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, 2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olub: “Biz işsizlik və yoxsulluğu kəskin şəkildə azaldaraq 40 faizdən 5 faizə endirməyə müvəffəq olmuşuq. İqtisadiyyatımız daha da rəqabət qabiliyyətli olub və Davos İqtisadi Forumunun hesablamalarına əsasən, dünyada 40-cı yerdədir. Əsas infrastruktur layihələrini, o cümlədən insanlarımızın yaşayış standartlarını yaxşılaşdırmaq üçün sosial infrastruktur layihələrini icra etmişik və bununla həm də sərmayələr üçün daha münbit şərait yarada bilmişik.
Adambaşına düşən birbaşa xarici sərmayəyə görə biz ən qabaqcıl mövqelərdəyik. Bu, ilk növbədə neft-qaz sahəsinə yatırılmış sərmayələr idi. Hazırda isə biz qeyri-neft sektoruna sərmayəçilər cəlb etməyə çalışırıq. Neft və qazdan asılılığımızın azaldılması islahatlarımızın tərkib hissəsi olub və bunun nəticəsində bu gün neft-qaz sahəsi bizim ümumi daxili məhsulun təqribən 30 faizini, büdcə gəlirlərimizin isə 50 faizini təşkil edir. Məqsədimiz neft və qazdan asılılığımızı tamamilə aradan qaldırmaqdır.
Azərbaycan üçün postneft dövrü artıq başlayıb. Ona görə yox ki, biz hasilatı azaltmışıq. Neftin qiyməti kəskin şəkildə – dörd dəfə aşağı düşüb. Bu səbəbdən tamamilə yeni bir vəziyyət yaranır və dünyanın heç bir ölkəsi buna hazır deyildi. Heç kəs təsəvvür edə bilməzdi ki, bir ilin içində qiymət bu dərəcədə kəskin şəkildə aşağı düşsün. Bu səbəbdən biz bu vəziyyətin mənfi nəticələrinin aradan qaldırılması üçün fəal və səmərəli işləməli olduq. Hazırda bizim maliyyə vəziyyətimiz yenidən sabitdir, proqnozlaşdırıla biləndir. Büdcəmizdə neftin barrelinin qiyməti 25 dollar səviyyəsində nəzərdə tutulub. Bu isə hər hansı bir iqtisadi çətinliyə qarşı bir növ zəmanət deməkdir. Bizim Neft Fondunda böyük vəsaitlərimiz var, yaranmış vəziyyətdən minimum risklə çıxmağımıza imkan verir.
Eyni zamanda bu vəziyyət bizi islahatlarla bağlı daha da səmərəli işləməyə məcbur edir və artıq islahatların böyük hissəsi tətbiq edilməkdədir. Bu islahatları Beynəlxalq Valyuta Fondu da dəstəkləyir – yəni biz düzgün yoldayıq. Hazırda biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələsi ilə məşğul oluruq və iqtisadi inkişafın yeni sahələrini müəyyən edirik. Onlardan biri bizim illərdir ki, çalışdığımız, lakin beynəlxalq birlik üçün tamamilə yeni sahə olan nəqliyyat infrastrukturunun yaradılmasıdır. Biz Azərbaycana gələcəkdə bu regionda güclü mövqeyə malik olmağa imkan verəcək nəqliyyat infrastrukturu şəbəkəsi yaradırıq.
Bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu səbəbdən nəqliyyat infrastrukturuna, o cümlədən dəmir yollarının, hava və dəniz limanlarının inşasına yatırılan sərmayələr sayəsində nəqliyyat infrastrukturlarının kəsişmə nöqtəsinə çevrilirik. Artıq Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyətə başlayıb və ümid edirəm ki, bu il biz Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarının birləşdirilməsini başa çatdıracağıq. Beləliklə, Avropa və Asiya yeni, ən qısa nəqliyyat marşrutu əldə edəcək. Çindən Avropaya gedən ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən keçib. Bu, müasir infrastruktura malik olan yeni İpək Yoludur və biz bu marşrutu daha da cəlbedici etmək üçün tərəfdaşlarımıza vahid tariflərin tətbiqini təklif etmişik.
Qonşularımız və tərəfdaşlarımızla birgə çalışdığımız daha bir layihə Şimal-Cənub nəqliyyat dəhlizidir, onun sayəsində yüklər Pakistandan Hindistana, daha sonra İrana, oradan Azərbaycan ərazisindən Rusiyaya və Şimali Avropaya nəql ediləcək. Azərbaycan müasir infrastruktura sərmayə qoyur və ümid edirəm ki, tezliklə bu marşrutdan istifadə olunmağa başlanacaq. Yəni bütün bu marşrutlar bizim ərazidən keçir. Təbii ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və gələcəkdə bizə ölkəmizin inkişafına sərf ediləcək əlavə gəlirlər gətirəcək.
Əlbəttə, iqtisadiyyatımız üçün enerji sektoru öz önəmini saxlayır və bu gün enerji təhlükəsizliyi baxımından onun əhəmiyyəti artmaqdadır. Fevralın 29-da biz Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasını keçirmişik. Biz bu layihəni XXI əsrin layihəsi adlandırırıq. Bu, bir meqalayihədir və bu gün Avropada həyata keçirilən ən iri infrastruktur və enerji layihələrindən biridir. Onun təşəbbüskarı Azərbaycandır və Azərbaycan burada həm də təşkilatçı və sərmayəçi qismində aparıcı rol oynayır. Layihənin dəyəri 45 milyard dollara bərabərdir və bu işdə biz müxtəlif dövlət və şirkətlərdən ibarət güclü komanda yaratmışıq.
Həmin Məşvərət Şurasının yaradılmasında əsas məqsəd səylərimizin əlaqələndirilməsi və layihənin cədvəl üzrə icrasını təmin etməkdən ibarətdir. Bu layihə bir neçə mərhələdən ibarətdir. “Cənub” qaz dəhlizinin dörd elementi var. Azərbaycanın nəhəng qaz yatağından hasil olunan qaz öz aralarında birləşmiş 3500 kilometr uzunluğunda üç qaz boru kəməri vasitəsilə Bakını İtaliyanın limanları ilə birləşdirəcək.
Əlbəttə, bu, nəhəng sərmayədir və bu layihənin əlaqaləndirməyə ehtiyacı var. Fevralın 29-da 11 dövlətin və Avropa Komissiyasının iştirakı ilə bəyannamə imzalanıb, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində mühüm və strateji rolu vurğulanıb. Biz həqiqətən də müxtəlif ölkələrdən ibarət komanda yaratmışıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləridir. Daha iki dövlət – Xorvatiya və Monteneqro da bəyannaməni imzalayıblar və əminəm ki, qarşıdan gələn illərdə onlar da heyətimizə qoşulacaqlar. Bəyannaməni imzalayanlar sırasında ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti də olub. Yəni bu 12 imza onu nümayiş etdirir ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır.
Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabət layihəsidir. Zənnimcə, bütün enerji layihələri məhz bu şəkildə icra edilməlidir. Bizim əsas məqsədimiz bu layihəni başa çatdırmaqdır və onu kommersiya layihəsi kimi həyata keçirməkdir. Bəzən enerji təhlükəsizliyinə aid olan məsələlər həddindən artıq siyasiləşdirilir. Biz bunun əleyhinəyik. Siyasət və enerji bir-birindən ayrı olmalı, enerji siyasi alət kimi istifadə edilməməlidir. Həmçinin onun bu şəkildə istifadə edilməsi, biznes fəaliyyətinə müdaxiləsi də çətinliklər yaradır.
Bu layihə sayəsində Azərbaycan bundan sonra onilliklər ərzində öz təbii sərvətlərini ixrac edəcək və bazarları şaxələndirəcək. Avropa üçün isə bu, ehtiyac duyacağı qazın yeni mənbəyi deməkdir və bununla avropalı istehlakçıların tələbatı təmin ediləcək. Baxmayaraq ki, dünyada iqtisadi çətinliklərin şahidi oluruq, ancaq bu, müvəqqətidir və neftin qiyməti uzun müddət belə aşağı səviyyədə qalmayacaq. İqtisadi artım fəallığı yüksəldəcək və Avropanın təbii qaza olan tələbatı yalnız artacaq. Burada hər kəs üçün yer olacaq. Düşünürəm ki, lüzumsuz rəqabətin olmaması üçün istehsalçılar da səylərini əlaqələndirməlidir. Həm istehsalçıların, həm də istehlakçıların öz məqsədləri var.
“Cənub Qaz Dəhlizi” layihəsində biz istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur və bu səbəbdən o, olduqca uğurla inkişaf edir. Bu qədər iştirakçıların olduğu, qısa bir zamanda və neftin qiymətinin aşağı olduğu bir vaxtda milyardlar tələb edən belə bir nəhəng layihənin həyata keçirilməsi böyük çağırışdır. Enerji təhlükəsizliyi, şübhəsiz ki, siyasi gündəlikdə əsas yer tutacaq. “Cənub” qaz dəhlizi vasitəsilə göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasəti ayıranda uğur əldə oluna bilər”.