Dövlət başçısı İlham Əliyev Azərbaycanda torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlərə fərman verib. Martın 7-də imzalanmış fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” təsdiq edilib (Sənəd).
Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtibini 2020-ci ilədək təmin etmək tapşırılıb.
Nazirlər Kabineti dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair tədbirlər planını bir ay müddətində təsdiq etməlidir.
Hökumətə “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün dövlət proqramı”nın layihəsini iki ay müddətində hazırlamaq; torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını üç ay müddətində təsdiqləmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə bələdiyyələrin vəsatətlərinə baxılması qaydasına dair təkliflərini üç ay müddətində prezidentə təqdim etmək də həvalə olunub.