Prezident İlham Əliyev martın 8-i Bakıda Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşlər keçirib. Geniş tərkibli görüşdə çıxış edən İlham Əliyev deyib ki, iki ölkənin mükəmməl siyasi münasibətləri var: “Beynəlxalq təşkilatlarda, xüsusilə həmişə bir-birimizi dəstəklədiyimiz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında uğurla əməkdaşlıq edirik. İqtisadi əməkdaşlığımızın səviyyəsini siyasi əməkdaşlıq səviyyəsinə qaldırmalıyıq. Bu sahədə çox imkan mövcuddur. Enerji əməkdaşlığı, turizm, kənd təsərrüfatı, texnologiyalar, daşımalar və investisiya qoyuluşu sahələrində yaxşı imkanlar görürük. Bütün bu sahələr əməkdaşlıq üçün cəlbedicidir. Yaxın gələcək üçün ən vacib hədəflərdən biri qarşılıqlı ticarət dövriyyəsinin səviyyəsinin artırılması olmalıdır və bunun üçün yaxşı imkanlar mövcuddur”.
Görüşdə energetika, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub, üçüncü ölkələrdə birgə investisiya qoyuluşu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
AZƏRTAC xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra təkbətək görüş olub. Bunun ardınca Azərbaycan-Qətər sənədləri imzalanıb:
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”;
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”.