Martın 6-da prezident İlham Əliyev Bakıda Macarıstanın baş naziri Viktor Orbanla görüşlər keçirib. Təkbətək görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətlərinin iştirakı ilə görüşdə İlham Əliyev deyib ki, iki ölkə münasibətləri bütün istiqamətlərdə daha da genişləndirmək niyyətindədir. Dövlət başçısı işgüzar dairələrin daha fəal çalışacaqlarına ümidvar olduğunu bildirib. Səfər zamanı Azərbaycanla Macarıstan arasında bir neçə konkret razılaşmanın imzalandığını deyən prezident bu cür razılaşmaların daha çox olacağına inandığını vurğulayıb: “Bizim üçün Macarıstan yaxın, dost dövlətdir və istərdik ki, iqtisadi əlaqələr münasibətlərimizin siyasi səviyyəsinə uyğun olsun. Eləcə də kənd təsərrüfatı, energetika, yüksək texnologiyalar sahələrində yaxşı perspektivlər var. Biz ölkəmizə Macarıstandan investisiyaların yatırılmasında da maraqlıyıq. İstərdik ki, Azərbaycanın özünün maliyyələşdirdiyi layihələrdə daha çox macar şirkətləri iştirak etsinlər”.
Son bir ildə Macarıstan məhsullarının Azərbaycana ixracının artdığını deyən İlham Əliyev bu ölkənin şirkətlərinin müxtəlif infrastruktur, tikinti və kənd təsərrüfatı layihələrində iştirak etdiklərini vurğulayıb.
Görüşdən sonra mətbuata bəyanatla çıxış edən İlham Əliyev Viktor Orbana xitabən deyib ki, iki ölkənin siyasi əlaqələri çox yüksək səviyyədədir: “2014-cü ilin sonunda mən Macarıstana səfər edərkən Sizinlə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışıq. Bu göstərir ki, bizim əlaqələrimiz strateji xarakter daşıyır. Bizim görüşlərimiz də müntəzəm keçirilir. Siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstəririk. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir və əminəm ki, gələcəkdə Macarıstan bu əlaqələrin inkişafını daim dəstəkləyəcək.
Bu gün biz bir çox məsələ haqqında fikir mübadiləsi apardıq — siyasi əlaqələr, iqtisadi sahədə əməkdaşlıq. Hökumətlərarası komissiyanın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bir çox məsələlər komissiya çərçivəsində öz həllini tapır. Biz gözəl siyasi əlaqələrimizin əsasında güclü iqtisadi əməkdaşlıq da qurmalıyıq. Bu gün biz bir çox konkret layihələr ətrafında fikir mübadiləsi apardıq. Energetika sahəsində çox gözəl əməkdaşlıq var. SOCAR-la MOL şirkəti arasında əməkdaşlığın artıq yaxşı tarixi var və bu əməkdaşlıq yeni pilləyə qalxmalıdır. Biz bu gün bu barədə danışmışıq.
Azərbaycanın enerji siyasəti bu gün Avropa İttifaqında yüksək qiymətləndirilir. Keçən ayın sonunda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısı keçirilib. Həmin toplantı nəticəsində qəbul edilmiş bəyannamə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və “Cənub” qaz dəhlizinin icrasında aparıcı rolunu qeyd edir. Bizim zəngin neft-qaz yataqlarımız var. Bu gün “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir. 3500 kilometr uzunluğunda tikiləcək bu kəmər gələcəkdə Avropanı Azərbaycan ilə daha da sıx birləşdirəcək.
Bu gün biz digər istiqamətlər üzrə də geniş danışdıq. Dünən də komissiyanın üzvləri fikir mübadiləsi aparıblar. Kənd təsərrüfatı sahəsində çox gözəl imkanlar var. Konkret tapşırıqlar verilib ki, bu sahədə əməkdaşlıq daha da fəal olsun. Macarıstanın təcrübəsi bizim üçün çox maraqlıdır. Macarıstanda kənd təsərrüfatı çox inkişaf edib. Bizim üçün də bu sahə bu gün əsas prioritetlərdən biridir və hesab edirəm ki, burada əməkdaşlıq üçün çox gözəl imkanlar var”.
Nəqliyyat sahəsinə toxunan prezident deyib ki, Azərbaycan hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üzərində işləyir: “Artıq Çindən Azərbaycan ərazisindən Avropaya birinci sınaq konteyner qatarı keçib. Bu dəhlizin gələcək fəaliyyəti həm ölkələrimizi birləşdirəcək, həm də nəqliyyat təhlükəsizliyini təmin edəcək.
Turizmdə gözəl imkanlar var. Biz təhsil sahəsində uğurla əməkdaşlıq edirik və minnətdarıq ki, Macarıstan hökuməti bizim tələbələrə xüsusi təqaüd də təsis edib. Təhsil sahəsində əməkdaşlıq o deməkdir ki, gələcəkdə bizim insanlar da bir-biri ilə sıx əlaqədə olacaqlar.
Bu gün bir çox konkret layihələr müzakirə edildi. Ümumi yekun ondan ibarətdir ki, Macarıstan və Azərbaycan öz strateji tərəfdaşlığını bu gün bir daha təsdiqləyir. Dünən hökumətlərarası əlaqələrə dair imzalanan sənədlər, bu gün biznes forumu çərçivəsində imzalanmış konkret layihələr bizi bir-birimizə daha da yaxın edəcək. Biz bunu istəyirik”.
Viktor Orban çıxışında deyib ki, neftin qiyməti aşağı düşdüyü üçün Azərbaycanda bəzi iqtisadi çətinliklər müşahidə olunur: “Lakin Siz bu yeni sistemə çox yaxşı reaksiya verərək uyğunlaşırsınız və bu dövr həmçinin digər yeni imkanları da açır. Buna görə bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranır. Çünki iqtisadi siyasəti artıq əvvəlki kimi həyata keçirmək mümkün deyil. Əvvəlcə neftin qiyməti fərqli idi. Ona görə biz bu yeni vəziyyətə uyğunlaşmalıyıq və bunu birgə edə bilərik. Həmçinin bizim elə təcrübəmiz var ki, ondan öz əməkdaşlığımızda istifadə edə bilərik.
Zənnimcə, Azərbaycan elə bir ölkədir ki, bu dövrdən hətta daha güclü mövqe ilə çıxacaq. Yəni daha şaxələndirilmiş iqtisadiyyat qurulacaq və biz macarlar da bu prosesdə iştirak edə biləcəyik. Həmçinin biznes sahəsində də belə olacaq”.
Martın 5-də Viktor Orban Azərbaycanın baş nazir Artur Rasizadə ilə bir araya gəlib. Görüş zamanı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Yüksək Texnologiyalar Ekosistemi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; “Macarıstanın Semmelveis Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında Anlaşma Memorandumu”; “Lənkəran Dövlət Universiteti və Kapoşvar Universiteti arasında Anlaşma Memorandumu” imzalanıb.
AZƏRTAC xəbər verir ki, martın 6-sı Bakıda keçirilən Azərbaycan-Macarıstan biznes forumunda 200-dən çox iş adamı iştirak edib. Biznes forumu çərçivəsində Azərbaycanın “RR Şirkətlər Qrupu” və Macarıstanın “Project Service Venture” şirkəti, Azərbaycanın “Sinam” və Macarıstanın “Toll Service” şirkəti, yerli “Komtec” şirkəti ilə Macarıstanın “European Parking System” şirkəti, Azərbaycanın “East Stream” və Macarıstanın “Umirs Europe” şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.