Dövlət Statistika Komitəsi martın 8-də qeyd olunan Beynəlxalq Qadınlar Günü ərəfəsində hesabat yayıb. Məlumata görə, 2016-cı ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini və ya 4 milyon 870 min nəfərini qadınlar təşkil edib. Ötən il doğulmuş 166,2 min körpənin 46,8 faizi qız uşaqlarıdır.
Hesabatda qeyd olunur ki, Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,5 faizdir: “Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,5 faizi, orta ixtisas təhsil müəssisələrində 78,6 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 65 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,7 faizi, ali təhsil müəssisələri tələbələrinin 48,8 faizi qızlardır.
Elmi işçilərin 53,5 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 5-i, müxbir üzvlərindən isə 14-ü qadındır.
Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,9 faiz, sahibkarlar arasında isə 19,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,6 faizi qadınlardır.
Milli Məclisdə qadın deputatların sayı da artır. 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdi, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16,9 faizə çatıb.
İlk bələdiyyə seçkilərinə (1999-cu il) nisbətən son bələdiyyə seçkilərində (2014-cü il) bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz idi.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. 2008-ci ildə onların sayı 6187 nəfər olub, 2015-ci ildə 8521 nəfərə çatıb”.