Dövlət başçısı İlham Əliyev Formula 1 Avropa Qran Pri yarışına görə Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə sərəncam verib. Yarış iyunun 17-dən 19-dək Bakıda keçiriləcək.
Sərəncama əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin yerli beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Bu sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd; Formula 1 Avropa Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:
– təşkilati məsələlərlə əlaqədar gələn və “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər — 2016-cı il mayın 15-dən iyunun 30-dək;
– Formula 1 Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri — 2016-cı il iyunun 1-dən 20-dək;
– “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə Formula 1 Avropa Qran Pri yarışına bilet əldə etmiş şəxslər — 2016-cı il iyunun 10-dan 20-dək.