“Qlobal Maqnitski” adlı qanunun müəllifi, amerikalı konqresmen Cim Makqovern “Azərbaycan demokratiya aktı – 2015” qanun layihəsinin həmmüəllifi olub.
“Azərbaycan demokratiya aktı – 2015” layihəsində insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutulur. Layihəni 2015-ci ilin sonlarında ABŞ Konqresinin Helsinki Komissiyasında konqresmen Kristofer Smit irəli sürüb.
Cim Makqovernə qədər “Azərbaycan demokratiya aktı 2015”ə konqresmenlər Luiza Loter və Co Hek də qoşulublar.
Cim Makqovernin müəllifi olduğu “Qlobal Maqnitski” qanunu bütün dünyada korrupsionerlərə və insan hüquqlarını pozanlara qarşı sanksiyaları, onların ABŞ-dakı mülkiyyətlərinə həbs qoyulmasını nəzərdə tutur.
Kristofer Smit “Turan” agentliyinə deyib ki, o və həmkarları “çox ciddi əhval-ruhiyyədədirlər”. Smit bildirib: “Biz prezident İlham Əliyevi inandırmaq istəyirik ki, ayrı-ayrı şəxslərin, jurnalistlərin və müxalifətçilərin sıxışdırılmasına yönələn siyasətin sonu pis olacaq”.
O qeyd edib ki, ABŞ administrasiyası siyasi məhbuslar və mətbuatın sıxışdırılması məsələsini Azərbaycan prezidenti İlham Əliyevin qarşısında aydın və birmənalı şəkildə qaldırmalıdır.
“Azərbaycan demokratiya aktı – 2015” layihəsi 2016-cı ildə Konqresdə bütün mərhələlərdə müzakirədən keçərsə, qəbul oluna bilər.
Bu il martın sonunda Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcək. ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti ilham Əliyevi həmin sammitə dəvət edib. Bəzi ekspertlər hesab edirlər ki, sammit zamanı ABŞ və Azərbaycan rəhbərlikləri arasında mühüm danışıqlar aparılacaq və yaxın perspektivdə Azərbaycan-Amerika münasibətlərinin necəliyi həmin danışıqların nəticəsindən asılı olacaq.