Martın 4-ü Bakıda apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsi keçirilib. AZƏRTAC xəbər verir ki, seminar-müşavirədə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların sədrləri və katibləri iştirak ediblər.
Yığıncaqda çıxış edən Prezident yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib ki, apellyasiya şuraları sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.
Eldar Nuriyev qeyd edib ki, şuranın kadr potensialı, maddi-texniki bazası formalaşdırılıb və fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul edilib: “Prezident yanında Apellyasiya Şurasının normal fəaliyyətinin təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar və şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb. Dəqiq statistikanın və ciddi uçotun aparılması məqsədilə şikayətlərin jurnal və elektron qeydiyyatı sistemi qurulub, 100-dən çox parametr üzrə proqram təminatı və şuranın rəsmi saytının xəritəsi yaradılıb.
Eyni zamanda şuranın katibliyinin tərkibi təsdiq edilib, müvafiq iş bölgüsü aparılıb, şikayətlərə baxılmasına dair təlimat, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuraları ilə qarşılıqlı fəaliyyətinin təminatına dair metodiki təlimat, hesabatların təqdim edilməsi forması, şikayətlərin, o cümlədən təkrar şikayətlərin verilməsi, onlara baxılması prosedurları, qərar qəbulu formaları hazırlanıb. Rəy verilməsinə zərurət yarandıqda xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssislər və ekspertlər qrupu müəyyən edilib”.
Eldar Nuriyev bildirib ki, Prezident yanında Apellyasiya Şurası sahibkarların şikayətlərinə baxmağa hazırdır: “Son bir neçə gündə şuraya xeyli şikayət daxil olub. Onların araşdırılması göstərir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub. Şikayətçilərə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə dəqiq riayət olunması, əvvəlcə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apellyasiya şuralarına, onların qərarlarından narazı qaldıqları təqdirdə Prezident yanında Apellyasiya Şurasına müraciət etmələri tövsiyə olunub və onlara izahlı cavablar verilib. Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, əhalinin hüquqi maarifləndirilməsi, qanunçuluğun tələblərinin izah edilməsi məqsədilə yerlərdə təbliğat-təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bugünkü müşavirə iştirakçıları həmin məsələlərə xüsusi diqqət yetirilməli və yerlərdə təbliğat-təşviqat işləri gücləndirməlidirlər”.
Qeyd edilib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması ilə bağlı hazırlıq işlərinin gücləndirilməsi məqsədilə bütün aidiyyəti icra qurumlarına rəsmi məktublar göndərilib, şuraların 10 gün müddətində işlərə baxılmasına hazır vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib, müraciət etmiş şəxslərə zəruri metodiki və hüquqi kömək göstərilib.
Seminar-müşavirədə qarşıda duran vəzifələrin icrası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların fəaliyyətinin Prezident yanında Apellyasiya Şurası ilə əlaqələndirilməsi, şuralarda işin günün tələblərinə uyğun şəkildə qurulması və qarşılıqlı işgüzar əməkdaşlığın yaradılması barədə söhbət açılıb. Həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuraların tərkibində fəaliyyət göstərən katibliklərin vəzifə və funksiyaları barədə ətraflı məlumat verilib, Prezident yanında Apellyasiya Şurasının hazırladığı metodiki təlimatların təqdimatı keçirilib.