İqtisadçı ekspert Qubad İbadoğlu manatın kursunu sərbəst buraxmağa, yəni milli valyutanın məzənnəsinin bazardakı tələb-təklifə uyğun, sərbəst şəkildə müəyyənləşməsi metoduna keçməyə çağırır.
2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Fevralda manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, dekabrda isə Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Hazırda kurs 1 manat 57 qəpik ətrafındadır.
2015-ci ildə Mərkəzi Bank və Dövlət Neft Fondu manatın kursunu qorumağa 1 milyard 556 milyon ABŞ dollarından çox vəsait sərf ediblər.
Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu manatın kursunu sərbəst buraxmaq təklifini əsaslandırmaq üçün öncə Mərkəzi Bankın valyuta ehtiyatlarını və Dövlət Neft Fondunun hazırkı aktivlərini əvvəlki illərlə müqayisə edib. O bildirib ki, hazırda hökumətin qarşısında duran başlıca vəzifələrdən biri cəmi valyuta ehtiyatlarının ÜDM-də xüsusi çəkisinin azalmasına yol verməməkdir: “Ötən il yalnız Mərkəzi Bankın deyil, Dövlət Neft Fondunun, yəni bütövlükdə ölkənin strateji valyuta ehtiyatları azalıb. Ölkənin ən iri valyuta ehtiyatlarına malik Dövlət Neft Fondunun 2016-cı il yanvarın 1-nə olan aktivləri ötən ilin əvvəlinə nisbətən 9,5% azalaraq 37 milyard 104 milyon 100 min ABŞ dollarından 33 milyard 574 milyon 100 min dollara enib. Yəni 1 ildə aktivlər 3 milyard 530 milyon dollar azalıb və 2012-ci ildəki səviyyədən də aşağı düşüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə 2008-ci ildəki səviyyəyə düşüb. Bütövlükdə ölkənin strateji valyuta ehtiyatları 2016-cı il yanvarın 1-nə 38 milyard 6 milyon dollar təşkil edib ki, bu da 2011-ci ilin ortalarına olan vəziyyətə uyğundur”.
Ekspert hesab edir ki, hökumət valyuta ehtiyatlarının ümumi həcminin ÜDM-də xüsusi çəkisinin azalmasına yol verməmək üçün bir tərəfdən Mərkəzi Bankın valyuta ehtiyatlarını qorumalı, digər tərəfdən Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından gələn gəliri artırmalıdır: “Həm daxili, həm də xarici bazarın konyunkturasını nəzərə alsaq, hər iki qurum qarşısında çox mürəkkəb vəzifə dayanır. Manata təzyiqin artdığı indiki situasiyada Mərkəzi Bankın sözügedən vəzifəni yerinə yetirməsi inandırıcı görünmür. Çox güman ki, qurum indiki məzənnə siyasətini davam etdirsə, 3 aya, ən geci 6 aya Mərkəzi Bankın valyuta ehtiyatları bitəcək. Fonda gəlincə, iki ildir Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlir azalır. Ötən il bu fəaliyyətdən 335,6 milyon manat qazanc əldə edən qurumun gəlirləri illik 1 faiz təşkil edib. Fondun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərin aktivlərdə xüsusi çəkisi 2013-cü ildə 1,34%, 2014-cü ildə isə 1,04% olub. Bu istiqamətdə ən yüksək göstəricilər 2007-ci (4,5%), 2008-ci (3,8%) , 2009-cu (3,29%) illərdə qeydə alınıb”.
Qubad İbadoğlunun sözlərinə görə, strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin bazar əsasında müəyyənləşməsidir: “Dünya maliyyə bazarlarında risklər artdığı üçün Dövlət Neft Fondu mühafizəkar sərmayə siyasəti yürüdür, daha az riskli və sabit gəlirli aktivlərə yatırım edir. Ona görə yaxın gələcəkdə də fondun vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirin artacağını proqnozlaşdırmağa dəyməz. Deməli, dövlətin strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin bazar iştirakçılarının tələb-təklifi əsasında sərbəst müəyyənləşməsidir. Əks halda manat yalnız Mərkəzi Bankın deyil, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatlarını yeyəcək”.