Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda uğur qazana bilərik”. Prezident İlham Əliyev fevralın 29-u Bakıda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında belə deyib.
Dövlət başçısı qeyd edib ki, Bakıda bir il əvvəl keçirilmiş birinci toplantı bütün layihə üzvləri arasında əlaqələndirməni yaratmaq məqsədilə göstərilmiş səylərin təzahürü idi, həmin səylər böyük uğurla nəticələnib: “Bir il ərzində ikitərəfli və çoxtərəfli formatda çoxsaylı görüşlərimiz olub. Bu gün aparılan əlaqələndirmənin və əməkdaşlığın səviyyəsi bizim düzgün yolda olduğumuzu nümayiş etdirir. 2015-ci ildə əldə edilmiş mühüm nailiyyətlərdən biri təməlqoyma mərasimi və TANAP layihəsinin həyata keçirilməsinin başlanması oldu. Ötən il Türkiyənin Qars vilayətində Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirildi. Bildiyiniz kimi, TANAP layihəsi “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında olduqca əhəmiyyətli idi.
Hər şey cədvələ uyğun gedir. Biz düzgün istiqamətdəyik. Eyni zamanda mən 2015-ci ilin nailiyyətləri sırasında səylərimizin əlaqələndirilməsini qeyd etmək istərdim. Hazırda biz böyük komanda kimi çalışırıq. Bu heyət bir çox ölkələrdən ibarətdir. Əlbəttə, əməkdaşlıq və əlaqələndirmə səviyyəsi, qarşılıqlı etimad həmin genişmiqyaslı layihənin həyata keçirilməsində vacibdir.
“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda dəhliz üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir.
Lakin ümidvaram ki, təchizatın digər mənbələri də olacaq. Biz böyük həcmdə təbii qazı nəql edəcək boru kəməri çəkirik. Zənnimcə, gələcək planlar və nailiyyətlər aramızda qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.
Bu gün bizim olduqca möhkəm əməkdaşlıq formatımız var. Mən layihədə iştirak edən bütün ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Komissiyasına, Birləşmiş Ştatların hökumətinə bu layihənin həyata keçirilməsinə verdikləri dəyərli töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm.
“Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır.
Fikrimcə, biz burada “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr və eyni zamanda istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Həmçinin hesab edirəm, gələn iki–üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var.
Azərbaycan hələ 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kimi böyük neft yatağının işlənməsi üçün dünyanın əsas neft şirkətləri ilə müqavilə imzalayanda hesab edirdik ki, bu layihənin həyata keçirilməsi, Qara və Aralıq dənizlərinə neft boru kəmərinin çəkilməsi ilə biz öz işimizi başa çatdıracağıq.
Lakin indi — həmin tarixi gündən 22 il keçəndən sonra görürük ki, proses yenə də davam edir. Nailiyyətlərimiz çoxdur. Hətta deyərdim ki, enerji sektorunda Azərbaycan hökuməti bütün vədlərini yerinə yetirdi və planlaşdırdıqlarının hamısına nail oldu. Lakin bu proses yenə də davam edir. Çünki bir layihənin arxasınca digər layihə yaranır. Biz artıq dəhlizi yaratmışıq və ondan həmçinin digər layihələr üçün istifadə edirik. Gürcüstan və Türkiyəyə təbii qazın nəqlini nəzərdə tutan layihə məhz belə başladı. Biz bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətti layihəsini əlavə etmişik. Ümid edirəm ki, həmin layihənin bu il açılışı baş tutacaq. Bütün bunlar Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır.
Enerji təhlükəsizliyi bu gün dünya siyasətinin, eləcə də beynəlxalq təşkilatların əsas gündəliyində yer tutur. Bu ilin əvvəlində mən Davos İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında iştirak etdim. Enerji təhlükəsizliyi məsələsi hər iki tədbirdə — dünyanın həmin iki ən mühüm toplantısının gündəliyində idi.
Əlbəttə ki, öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir.
Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda uğur qazana bilərik. Fikrimcə, bu şəkildə qurduğumuz əməkdaşlıq bunu nümayiş etdirir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə sadiqik. Azərbaycan üçün bu o deməkdir ki, gələn bir neçə il, onilliklər ərzində ölkəmiz hasil edə biləcək həcmə uyğun təbii qazın satışından yararlanacaq. Eyni zamanda biz layihə üzvləri arasında olduqca möhkəm əməkdaşlıq quracağıq və bu işbirliyi iqtisadiyyatın digər sektorlarına aid olan sahələrdə də nailiyyətlərə imkan açacaq.
Bu layihə həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir.
Beləliklə, ölkəmiz üçün bu layihənin faydası aydındır. Əminəm ki, bundan həmçinin bu zalda təmsil olunan bütün ölkələr faydalanacaqlar. Biz istədiyimizə yaxşı dostluq və tərəfdaşlıq şəraitində nail olacağıq. Fikrimcə, dostluq və tərəfdaşlıq dəhlizin reallaşması üçün olduqca vacibdir”.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev əlavə edib ki, TANAP layihəsinin həyata keçirilməsi hazırda olduqca fəal mərhələdədir: “Əminəm ki, o, vaxtında, hətta cədvəldən əvvəl icra ediləcək. Əlbəttə, istərdim ki, eyni yanaşma Trans-Adriatik layihəsinin həyata keçirilməsində də olsun. Ümid edirəm ki, bu il tikinti işləri başlayacaq və hasilatçılarla əlaqələndirmə sayəsində “Cənub” qaz boru kəmərinin çəkilməsində məqsədlərimizə nail olacağıq”.