Martın 1-də Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsi büdcə açıqlaması yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2015-ci ildə ARDNF-nin büdcə gəlirləri 7 milyard 721,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 187,7 milyon manat olub.
Hesabata əsasən, ötən il ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 7 milyard 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 369,6 milyon manat, akrhesabı ödənişlərdən 2,2 milyon manat, bonus ödənişlərindən 2,1 milyon manat qazanıb. Tranzit gəlirləri 11,6 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlir 23 milyard 217,8 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində fondun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 milyard 130 milyon manat vəsait dövlət büdcəsinə transfert olunub. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 61,5 milyon manat vəsait ayrılıb.
35,5 milyon manat vəsait 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılıb.
Ötən il fondun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə ARDNF-nin aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 9,5 faiz azalaraq 33 milyard 574,1 milyon ABŞ dollarına bərabər olub.