Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova oğlu ilə görüşüb. Görüş Penitensiar Xidmətin müalicə müəssisəsində olub. Anası görüşdən sonra müraciət yayıb.
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının məlumatına görə, Gülbuta Xasməmmədovanın müraciətində deyilir ki, ötən həftənin sonunda keçirilən görüşdə Taleh Xasməmmədovun yoldaşı Fəxriyyə, qızları Cansu və Aysu da iştirak edib. Gülbuta Xasməmmədova bildirir ki, azyaşlı uşaqları görüşə apardığı üçün sonradan çox peşman olub: “Onların atalarının səhhətini ağrılı görməsini istəməzdim. Taleh olduqca çox ağrıyır, ən çox da baş və sinir ağrılarından əziyyət çəkir. Hətta bizimlə söhbət etmək üçün halı yox idi. Söhbətimiz zamanı ağrıkəsici dərmanlar da qəbul etdi. Həmçinin Taleh zob xəstəliyindən əziyyət çəkir, qanında zəhərlənmə gedir. Onun təcili əməliyyat olunmasına ehtiyac var. Bu əməliyyatın həbsxana şəraitində, Penitensiar Xidmətin müalicə müəssisəsində həyata keçirilməsi həm risklidir, həm də güvənli deyil”.
Taleh Xasməmmədov ötən il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, xuliqanlıqda təqsirli bilinib. 17 saylı cəzaçəkmə müəssisəsində saxlanan hüquq müdafiəçisi bu yaxınlarda Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Anası müraciətində yazır ki, görüşdə oğlunun 17 saylı cəzaçəkmə müəssisəsində karserə salınmasının səbəbi ilə maraqlanıb: “Məlum oldu ki, bir nəfər tez-tez qıcıqlandırıcı hərəkətlər edərək onu əsəbiləşdirirmiş. Məsələn, Taleh bildirir ki, həmin dustaq onun yatdığı çarpayıya uzanaraq ayaqqabılı ayağını balıncın üstünə qoyurmuş, başqa-başqa xoşagəlməz hərəkətlər edirmiş. Taleh deyir ki, o, mənim reaksiya verməyimi gözləyirdi. Deyir, nəhayət, dilləndim ki, belə olmaz, bəsdir. Bunu demişdim ki, o mənə “olsa nə olar” deyərək üstümə atıldı. Sonra başqa bir neçə dustaq qollarımdan tutdu, o isə mənim gözlərimin altına yumruqla vurdu, pis vəziyyətə saldı. Heç bir günahım olmadığı halda məni müalicə üçün sanitar hissəyə aparmaq əvəzinə karserə saldılar. Taleh deyir məqsəd o idi ki, məni bu halda görən olmasın, baş verən hadisəni də ört- basdır etdilər. Taleh bir həftə günahsız yerə karserdə qalıb. Hazırda gözlərinin birində zəiflik var, ağrıyır. Bu, Talehin 17 saylı cəzaçəkmə müəssisəsində aldığı ikinci travma idi. Birinci dəfə gələn günü 3-4 nəfər nəzarətçi onu tək otağa salaraq qolları qandallı halda ölmünə qədər döyüblər, huşunu itirib. Sonra isə ona “səhv salmışıq, bağışla” deyərək üzrxahlıq ediblər”.
Gülbuta Xasməmmədova yazır: “Oğlumdan bütün bunları eşidəndən sonra məndə belə bir təəssürat yarandı: necə ki, Talehi çöldə olarkən mənim gözlərimin önündəcə şərlədilər, eləcə də həmən sifarişi verənlər həbsxanada onu rahat buraxmırlar. Bütün baş verən hadisələr məni bir ana kimi çox narahat edir. Onun həyatından çox narahatam. Qorxuram ki, vicdansız məmurların əmri ilə həbsə atılan, bir ildir ki, etmədiyi cinayətin cəzasını çəkən, bütün sağlamlığını itirməkdə olan oğlumu həbsxanada məhv etmək üçün sifariş verələr. Talehin dustaqların əli ilə döyülməsini və ya nəzarətçilərin guya səhv salaraq onu döyməsini təsadüfi hesab etmirəm. Aldığı travmalardan indinin özündə də o, çox əziyyət çəkir. Bütün bunlara görə də Taleh bir daha cəzasını çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsinə qayıtmaq istəmir. Mən bir ana kimi, başda dövlət başçısı olmaqla bütün aidiyyəti orqanlardan oğlumun günahsız olaraq həbsxanada də məhv edilməməsi, onun azad olunması üçün köməklik göstərmələrini xahiş edirəm”.