Ekspert Dövlət Gömrük Komitəsinin iradlarına cavab verdi
İqtisadçı Qubad İbadoğlu Dövlət Gömrük Komitəsinin fevralın 24-də yaydığı məlumata münasibət bildirib. Komitə məlumatda bildirib ki, bəzi mətbuat orqanlarında ölkənin xarici ticarət əlaqələrinə dair göstəriciləri digər dövlətlərin uyğun göstəriciləri ilə müqayisə olunur, göstəricilər arasında olan fərqlər barədə düzgün olmayan rəy formalaşdırılır: “Məsələnin mahiyyətinə varmadan, xarici ticarət göstəricilərinin formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük statistikasının metodologiyasını bilmədən rəsmi statistika göstəricilərinə şübhə ilə yanaşmaq düzgün deyil”.
Transparency.az bildirir ki, Qubad İbadoğlu qurumun məlumatındakı bəzi məqamlara diqqət çəkərək komitəni ictimaiyyətə kifayət qədər açıq olmamaqda suçlayır: “Dövlət Gömrük Komitəsi (DGK) iddia edir ki, Azərbaycanda müşahidə olunan hal Çin, Rusiya və digər MDB dövlətləri üçün də xarakterikdir. Qurum bu məqsədlə bütövlükdə MDB məkanı, Rusiya, Çin kimi gömrük statistikası beynəlxalq standartlara keçid dövrünü yaşayan ölkələrin 10-15 il bundan əvvəlki dövrdə qarşılaşdığı problemlərə istinad edir. Bununla da Azərbaycanın hazırkı problemlərini 10-15 il əvvəl həmin ölkələrdə qeydə alınan problemlərlə eyniləşdirir, bizdə hələ də bu sahədə inkişaf olmadığını təsdiq edir.
Bir çox ölkələrdə, hətta Rusiyada hökumət güzgü statistikası metodologiyası ilə müntəzəm tədqiqatlar aparmaqla gömrük statistikasına nəzarət edir, onun hər il dürüstləşdirilməsinə çalışır. Azərbaycanda isə DGK və digər dövlət orqanları özləri bu işi görmək və eləcə də bu sahənin tədqiqatçılarına minnətdar olmaq əvəzinə ekspertlərin bu istiqamətdəki tədqiqatlarına arqumentsiz cavablar yazmaqla məşğuldurlar. Əgər DGK bundan əvvəlki bəyanatlarında ekspertləri mənbə göstərməməkdə ittiham edirdisə, sonuncu məlumatda digər ölkələrin köhnə dövrləri xarakterizə edən statistik məlumatlarını təsvir etməklə özünə haqq qazandırır.
Qurumun məlumatında qeyd olunur ki, ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmayanda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirib müəyyən edir, fərqlərin yaranma səbəblərini müvafiq ölkələrlə birlikdə işçi qrupu səviyyəsində müzakirə edir, araşdırır. Bəs onda DGK niyə bu istiqamətdə apardığı araşdırmaların nəticələrini dərc etmir? Əminəm ki, aparılan araşdırmanın nəticələri dərc olunsa, tapıntıların ekspertlərin əldə etdiyi nəticələrdən fərqlənmədiyini görəcəyik”.
Ekspert şərhində komitənin statistik uçot və qeydiyyat işini aparmasına diqqət çəkir: “Qurum qeyd edir ki, xarici ticarətin gömrük statistikası BMT və Avropa İttifaqının Statistika Xidmətinin metodoloji göstərişləri əsasında beynəlxalq standartlara uyğun aparılır. Elə biz də ona görə bu araşdırmanı davam edirik. Çünki əslində beynəlxalq standartlara uyğun olan gömrük statistikaları arasında qəbul edilən fərq 10 faizdən yuxarı olmamalıdır. Deməli, burda fərq yaradan başlıca amil statistik uçot və qeydiyyat işinin düzgün qurulmamasıdır. Əgər belə olmasaydı, idxalın aşağı düşdüyü dövrdə gömrük ödənişlərinin artımı müşahidə olunmazdı. Məlumatda yazılır ki, xarici ticarətin gömrük statistikasında idxal malın mənşə ölkəsi, ixrac təyinat ölkəsi üzrə aparılır. Bu metodoloji izahla razılaşaraq qeyd etməliyəm ki, belə hallar avtomobillərin və digər bu tip malların idxalı üçün xarakterikdir. Amma komitənin məlumatına görə, tədqiqat aparılan 2015-ci ildə Azərbaycana xaricdən gətirilən avtomobillərin sayı 2,4 dəfə azalıb. Bu azalma tendensiyası davam etməsəydi, bəlkə də bu amilin təsiri xüsusilə də Gürcüstan və Avropa İttifaqı ölkələri ilə ticarətdə əhəmiyyətli olardı.
Komitə fərq yaradan amillərdən biri kimi idxal olunan malın statistik dəyərinin CİF (malın dəyəri, sığorta və daşınma xərcləri), ixrac olunan malın statistik dəyərinin FOB (bortdan azad) ticarət şərtləri əsasında müəyyən edilməsini göstərir, amma özü də bilir ki, bu fərq bəzən bir neçə yüz milyon dollarla və ya 10 faizlərlə ifadə oluna bilməz. Elə bu və ya digər səbəbdən də ayrı-ayrı ölkələrin gömrük statistikaları arasında qəbul edilən fərq 10 faizdən yuxarı deyil. Əgər yuxarıdırsa, deməli, başqa səbəblər var. Əvvəllər 15 əsas ticarət tərəfdaşımız olan ölkələrlə idxal əməliyyatları üzrə güzgü metodologiyası əsasında apardığımız tədqiqatlara istinadla xatırlada bilərik ki, iki ölkənin göstəriciləri arasında fərq 2008-ci ildə 2,55 milyard dollar və ya 46,6 faiz, 2009-cu ildə 1,75 milyard dollar və ya 36,3 faiz, 2010-cu ildə 3,75 milyard dollar və ya 74,5 faiz, 2011-ci ildə 3,71 milyard dollar və ya 51,8 faiz, 2012-ci ildə 4,82 milyard dollar və ya 64,9 faiz, 2013-cü ildə 5,02 milyard və ya 62,3 faiz, 2014-cü ildə isə 4,94 milyard dollar və ya 69,5 faiz olub. Təhlil olunan 2008-2014-cü illər ərzində kənarlaşma məbləği 10,6 milyard dollar, kənarlaşma faizi isə orta hesabla 58 faiz təşkil edib. Göründüyü kimi, illər üzrə göstəricilərin hər birində və ümumilikdə yaranmış fərq 10 faizlik qəbul edilə bilən həddən 5-6 dəfə yüksəkdir.
2015-ci ildə məlumatlarına çıxış olan yalnız 3 ölkənin (Gürcüstan, Rusiya və Türkiyə) göstəriciləri əsasında fərq 1,6 milyard dollar təşkil edib. Digər ölkələrin məlumatlarına çıxış imkanı yaranan kimi yenidən 15 ölkə üzrə 2015-ci ilin göstəriciləri əsasında yaranmış fərqlə bağlı açıqlamalar olacaq”.
Qubad İbadoğlu komitənin daha bir arqumentinə cavab kimi kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə idxalı ilə yaranan fərq məqamına toxunur: “Azərbaycanda kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların idxalı dövriyyəsi çox cüzidir. Çünki bizdə fiziki şəxsə ölkəyə qeydiyyatsız gətirdiyi mallar üçün yol verilən hədd çox aşağıdır. İdxal və ixracın gömrük rəsmiləşdirilmə vaxtının fərqli olmasının nəticələrə təsiri İran istisna olmaqla çox zəifdir, çünki bu yalnız dekabr ayının sonunu və yanvarın əvvəlini xarakterizə edən bir neçə gün ərzində qeydiyyata təsir göstərə bilər. Tərəfdaş ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı malların gömrük dəyərinin hesablanmasında bir-birindən fərqlənən üsulların və müxtəlif metodologiyaların tətbiqi sahəsində isə deyilənlərlə razılaşmaq olar. Çünki başqa ölkələrdə gömrük dəyəri əsasən invoys qiymətləri əsasında, Azərbaycanda isə DGK-nın özünün öz xidməti istifadəsi üçün təsdiq etdiyi qiymət siyahısı ilə həyata keçirilir. Bir çox hallarda illərlə yenilənməyən, mənşə ölkənin bazar konyunkturasındakı dəyişiklikləri çevik şəkildə nəzərə almayan bu qiymət cədvəli idxalçılardan əlavə gömrük rüsumları və əlavə dəyər vergisi almağa xidmət edir. Əslində həmin sənədi ya Nazirlər Kabineti, ya da İqtisadiyyat Nazirliyi qəbul etməli və mütəmadi yeniləməlidir”.
Qubad İbadoğlu şərhində bildirir ki, Dövlət Gömrük Komitəsi məlumatında malın statistik dəyərlərinin müxtəlif valyuta məzənnələri ilə hesablanmasını arqument kimi səsləndirib. Ekspert bu məqamı da şərh edib: “Bizim idxalatımızın valyuta tərkibi demək olar bircinslidir, çünki əməliyyatlar əsasən sərbəst dönərli valyutalarla (SDV) aparılır. Komitənin məlumatına görə, 2015-ci ildə SDV ilə hesablaşmaların ixracda payı 94,31 faiz, idxalda payı isə 81,29 faiz təşkil edib. Odur ki, bu amilin təsiri ilə də ciddi fərq yarana bilməz.
Azərbaycanda idxal göstəricilərinin xüsusilə də böhran dövründə dürüstləşdirilməsi çox əhəmiyyətlidir. Çünki bu, dövlət büdcəsində gömrük ödənişlərinin ciddi artımına və büdcə kəsirinin azalmasına xidmət edə bilər. Fevralın 23-də büdcənin dürüstləşdirilməsi zamanı komitənin yığımlarının 13,8% və ya 220 milyon manat artırılması reallığa uyğun gəlmir. Azərbaycanda idxal göstəricilərinin dürüstləşdirilməsi ilə bağlı tədqiqatlar göstərir ki, bu mənbədən ödənişləri ən azı 30 faiz artırmaq mümkündür”.