“Apardığımız müzakirələrin əsas mövzusu insan hüquqları ilə bağlıdır”
Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini Bakıya səfəri ərəfəsində “Turan” agentliyinə müsahibə verib.
– Azərbaycan hökuməti “Şərq tərəfdaşlığı” proqramından narazılığını və Avropa İttifaqı ilə strateji istiqamətlər üzrə birbaşa əlaqələr qurmaq istədiyini bildirir. Sizcə, bu, mümkündür? Mümkündürsə, bu əməkdaşlığı necə təsəvvür edirsiniz? Bu o deməkdir ki, Azərbaycanda “Şərq tərəfdaşlığı” proqramı uğursuzluğa düçar olub?
– “Şərq tərəfdaşlığı” Avropa İttifaqının altı ölkə, o cümlədən Azərbaycanla münasibətləri üçün bir çərçivədir. Bu, birbaşa ikitərəfli əməkdaşlığı, eləcə də Avropa İttifaqı və Şərqdə altı tərəfdaş ölkənin hər biri ilə çoxtərəfli əməkdaşlığı dəstəkləyən mexanizmdir. Azərbaycan “Şərq tərəfdaşlığı”nın həm ikitərəfli, həm də çoxtərəfli aspektində iştirak edir. İkitərəfli əsasda biz artıq müəyyən vaxtdır ki, öz münasibətlərimizi təkmilləşdirməyə çalışırıq, yeni saziş vasitəsilə münasibətlərimizi tam gücü ilə inkişaf etdiririk. Bu istiqamətdə məsləhətləşmələr aparılır və inanıram ki, tezliklə Avropa İttifaqına üzv dövlətlərlə rəsmi danışıqların başlanması məsələsini müzakirə edə biləcəyik. İkitərəfli yeni saziş münasibətlərimizi daha çox inkişaf etdirə bilər ki, bu da müsbət bir addım olacaq.
– Azərbaycan hökuməti dəfələrlə iqtisadi sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib, amma siyasi məsələlərdə yox. Bu zaman Bakı nümayəndələri təkrar edirlər ki, Avropa dərin böhran içərisindədir, orada islamofobiya, korrupsiya hökm sürür, insan hüquqları yoxdur və s. Bu qiymətləndirmələrlə razısınız? Niyə Azərbaycan siyasi əməkdaşlıqdan yayınır?
– Mənə elə gəlir ki, Azərbaycanın keçən ilin may ayında Avropa İttifaqına təklif etdiyi saziş siyasi məsələlərlə bağlı əməkdaşlığımız baxımından dönüş nöqtəsi olacaq. Bu təklifə siyasi, eləcə də iqtisadi sahə ilə bağlı müddəalar daxildir. Bu, əlbəttə, əməkdaşlığımızın bir aspektidir ki, sonradan onu sazişdə təkmilləşdirəcəyimizə ümid edirik.
Avropadakı vəziyyətə gəldikdə isə, hazırda bir sıra çətinliklərlə üzləşdiyimiz doğrudur. Müharibələr, işsizlik və iqlim dəyişikliyi həyat şərtlərini o qədər çətinləşdirir ki, bir çoxları öz həyatlarını belə riskə ataraq Avropada daha yaxşı həyat tapmaq qərarına gəlir. İnsanların bu hərəkatının miqyası bu məsələyə cəlb olunmuş hər kəs üçün bir faciədir. Bu, Avropa İttifaqı və ondan kənarda da çətinliklər yaradır. Hərtərəfli və dayanıqlı həll yolları üzərində işləyirik: məsələ möcüzə ilə həll olunmayacaq, xüsusilə də region və qlobal səviyyədə bir çox digər ölkə və iştirakçılarla tərəfdaşlıqda daxili və xarici siyasətimizin işə düşdüyü mürəkkəb iş aparılmaqdadır.
Avropa öz müxtəlifliyi və insan hüquqlarına bəslədiyi hörmətlə qürur duya bilər, bunlar digər dəyərlərimiz sırasındadır. Avropada islamofobiyanın yayıldığını demək düzgün olmazdı. Bir çox müsəlman Avropaya öz evi kimi baxır, islam isə Avropa mədəniyyətinin mühüm hissəsidir. Avropanın bəzi hissələrində islamofobiyanın, antisemitizmin və milliyyətçilik tendensiyalarının yayılması həlli vacib olan ciddi problemdir, ancaq, məsələn, əqidə azadlığı daxil olmaqla multikulturalizmi və fundamental dəyərlərimizi müdafiə edən avropalıların böyük əksəriyyətini yaddan çıxarmamalıyıq.
– Sirr deyil ki, Azərbaycanda insan hüquqları, demokratik prinsip və azadlıqlar ciddi şəkildə pozulur. Avropa İttifaqı rəhbərliyi dəfələrlə Bakını siyasi məhbuslara görə tənqid edib, onları azad etməyə çağırıb. Amma vəziyyət yaxşılaşmayıb, əksinə, daha da pisləşib. Bakıya səfəriniz zamanı bu məsələləri müzakirə etməyi planlaşdırırsınız? Avropa İttifaqının bu problemlərlə bağlı mövqeyi necədir? Azərbaycanda olduğunuz zaman siyasi məhbuslardan kiminlə isə və ya onların Avropa İttifaqının üzvləri ilə görüşməyi planlaşdırırsınız?
– Dediyim kimi insan hüquqlarına hörmət bəsləmək Avropa İttifaqının fundamental dəyəridir ki, bu məsələ tək Avropa İttifaqının daxili qanunvericiliyində deyil, eləcə də xarici siyasətimizdə əks olunub. İnsan hüquqlarının müdafiəsi, təşviqi və onlara hörmət bəslənməsi tərəfdaş ölkələrin hər biri ilə apardığımız işin mərkəzində durur və Azərbaycan da istisna hal deyil. Olduğum ölkədən asılı olmayaraq ölkə qurumları, parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri ilə hər zaman insan hüquqları ilə bağlı məsələləri və ya narahatlıq doğuran fərdi işləri müzakirə edirəm. Azərbaycana gəldikdə isə, Brüsseldə və ya Bakıdakı səfirimiz və ya Avropa İttifaqının xüsusi nümayəndəsi vasitəsilə apardığımız müzakirələrin əsas mövzusu insan hüquqları ilə bağlıdır. İnsan hüquqları Bakıya baş tutan səfərimin də gündəliyində duran məsələdir ki, burada mən hakimiyyət orqanlarının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəm.
– Uzun illərdir energetika və Azərbaycandan Avropaya neft və qaz nəqli sahəsində əməkdaşlıq əsas müzakirə mövzusu olaraq qalır. Bakı bildirir ki, Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan enerji resurslarının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu nə dərəcədə böyükdür? Prioritetləriniz arasında hansı layihələr var və Avropa İttifaqı onları necə dəstəkləyəcək və müdafiə edəcək?
– Dünyanın bir sıra ölkələri tərəfindən enerji ilə təchiz olunan Avropa İttifaqı öz enerji mənbələrinin diversifikasiyası üzərində çalışır. Biz dünyanın ən böyük enerji idxalçısıyıq, buna görə də Avropa İttifaqına aparan infrastruktur – sərhədlərimiz daxilində olan infrastruktur qədər mühümdür. Öz zəngin təbii ehtiyatları ilə Azərbaycan Avropa İttifaqının mühüm və etibarlı enerji təminatçısıdır və ümidvarıq ki, Cənub Qaz Dəhlizinin tamamlanması ilə onun əhəmiyyəti daha da artacaq. Bu layihə Avropa İttifaqı üçün əsas prioritetdir – biz bu prioritetə tam şəkildə ciddi yanaşırıq – və layihənin vaxtında tamamlanmasına mane ola biləcək istənilən maneənin aradan qaldırılması istiqamətində fəal işləyirik. Bakıda səfərdə olduğum müddətdə həmkarım Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə birgə ikinci məşvərət şurasında iştirak edəcəm.
– Qarabağ münaqişəsi, Suriyada müharibə və ən yaxın qonşularımızın – Türkiyə, İran və Rusiyanın bu müharibəyə qoşulmasını nəzərə alaraq, Azərbaycanın təhlükəsizliyi məsələsi böyük əhəmiyyət daşıyır. Avropa İttifaqının Azərbaycanın potensial təhlükələrdən müdafiəsinə töhfəsi necə ola bilər? Hansı siyasi, iqtisadi və digər alətləri təklif edə bilərdiniz?
– İlk əvvəl, hər gün işləyərək Suriyada sülhü bərpa etməyə və regionumuzdakı münaqişələri həll etməyə çalışırıq. Keçən ilin noyabr ayında Avropa İttifaqı Avropa Qonşuluq Siyasətinin icmalını tamamlayıb. İcmaldan əvvəl Avropa İttifaqına üzv dövlətlərlə, altı tərəfdaş ölkə, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və elmi dairələrlə məsləhətləşmələr aparılıb, nəticədə çox zəruri olan təhlükəsizlik elementi sənədə daxil edilib. Təhlükəsizlik məsələsinin Avropa Qonşuluq Siyasətinə daxil edilməsi üzləşdiyimiz vəziyyətdən, məhz ayrı-ayrı ölkələrin deyil, beynəlxalq ictimaiyyətin birlikdə aradan qaldıracağı qlobal təhlükələrlə üzlədiyimizdən irəli gəlir. Avropa İttifaqı və Azərbaycanın müzakirə etdiyi və gələcəkdə müzakirə edəcəyi təhlükəsizliklə bağlı bir çox məsələ, o cümlədən terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyinin təkmilləşdirilməsi, radikallaşma əleyhinə siyasətlərin hazırlanması və korrupsiyaya qarşı mübarizə sahələrində birlikdə gördüyü işlər var. Yenidən işlənmiş Avropa Qonşuluq Siyasətində Avropa İttifaqının tərəfdaş ölkələrinin, o cümlədən Azərbaycanın dayanıqlığının artırılması yolları araşdırılır. Faktiki olaraq dörd geniş sahədə əməkdaşlığın yüksəlməsi ilə Avropa İttifaqının “Şərq tərəfdaşlığı”ndakı altı tərəfdaşının artan dayanıqlığı “Şərq tərəfdaşlığı”nın keçən ilin may ayında keçirdiyi ən son sammitində ortaya çıxan əsas irəliləyişlərdən biri olub. Beləliklə, Avropa İttifaqının öz qonşuları ilə münasibətlərində təhlükəsizliyin mühüm element olduğunu qəbul edirik.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, Avropa İttifaqı, o cümlədən xüsusi nümayəndəmiz Herbert Salberin vasitəsilə davamlı siyasi həll yolunun tapılması istiqamətində Minsk qrupunun həmsədrlərinin göstərdiyi cəhdləri dəstəkləyir. Mühitin yaxşılaşmasına töhfə vermək və danışıqların artırılmasını intensivləşdirmək üçün bizə lazım olan məsələ yerdə polemika və gərginliyin azalmasıdır. Əhalini sülhə hazırlamaq lazımdır. Hər zaman olduğu kimi sülhün qurulması tədbirləri və insanlar arasında əlaqələrin yaranmasını əlavə olaraq dəstəkləməklə ATƏT-in Minsk qrupunun cəhdlərini tamamlamağa hazırıq.