Ünsiyyət varsa, problem də var. Bu həm canlı ünsiyyətə, həm telefon söhbətlərinə, həm də virtual ünsiyyətə, yəni internet yazışmalarına aiddir. Ünsiyyətin sonuncu növü yeni olsa da, artıq çox populyardır.
10 milyon nəfərə yaxın vətəndaşı olan Azərbaycanda əhalinin 75%-i internet istifadəçisidir. Onlardan 65%-i genişzolaqlı internetdən istifadə edir. Ölkədə ev təsərrüfatlarının 58%-də kompüter və bu kompüterlərin 75%-nin internetə çıxışı var. Evdə əhalinin 71%-i internetə genişzolaqlı xətlə, 26%-i mobil telefonla, 3%-i modem (dial-up) vasitəsilə qoşulur.
Son 5 ildə Azərbaycanda internetə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dial-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.
Sosial şəbəkələr sırasında ölkədə ən populyarı Facebook-dur. Bu şəbəkənin ölkədə 1 milyon 500 min nəfərdən çox istifadəçisi var. Sonrakı yerlərdə gələn populyar şəbəkələr sırasında Odnoklassniki, Twitter, Vvontakte, İnstagram, Linkedin, bəzi tanışlıq saytlarının adlarını çəkmək olar. WhatsApp istifadəçilərinin də sayı ölkədə artmaqdadır. Burada qeyd etmək yerinə düşər ki, Azərbaycanda hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Ölkədə fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru internetə yüksək sürətli çıxışı təmin edir və hər üç mobil rabitə operatoru 3G xidməti göstərir.
Son vaxtlar ölkədə virtual ünsiyyətin, daha dəqiqi, sosial şəbəkələrin şəxsi münasibətlərə, ailədaxili münasibətlərə təsiri diskussiya mövzularından birinə çevrilib və bu da təsadüfi deyil. Çünki sosial şəbəkələrdən istifadə cəmiyyətdə xüsusilə ailədaxili münaqişələrin, qadınlara qarşı zorakılıqların artmasında rol oynayır. Ailə münaqişəsi həmişə, elə ailə yaranandan var. Ancaq ailə münaqişələrinin səbəbləri sırasında biri var ki, yenidir. Bu da sosial şəbəkədir. Hazırda tək Azərbaycanda yox, dünyada ailə münaqişələrinin səbəbləri sırasında sosial şəbəkələrin adına tez-tez rast gəlmək olur.
Azərbaycanda sosial şəbəkənin ailə münasibətlərinə təsiri güclü duyulur. Burada, aydın məsələdir ki, dini, milli baxışlar, mentalitet mühüm rol oynayır.
Bizim ölkəmizdə qadınların sosial şəbəkələrə can atmasını heç də hamı yaxşı qarşılamır. Cinayət hadisələrinin xronikasına nəzər saldıqda qısqanclıq zəminində baş vermiş bir sıra hadisələrdə, hətta ən ağır hadisələrdə sosial şəbəkələrin payı olduğunu görərik. Sosial şəbəkələrdə qadınlarla yazışan kişilərlə həmin qadınların yaxınları olan kişilər arasında istər paytaxtda, istərsə də bölgələrdə bir neçə dəfə dava-dalaş olub. Bu davalar bəzən elə kütləvi xarakter alıb ki, medianın gündəminə çevrilib. Sosial şəbəkələrin rol oynadığı ailədaxili münaqişələr isə təkcə davalarla deyil, bəzən qətllə də yekunlaşır.
2013-cü ildə F.İ. qısqanclıq zəminində keçmiş həyat yoldaşı R.İ-ni öldürüb. 2005-ci ilin avqust ayında rəsmi nikahla evlənən F. və R. 2011-ci ilin iyun ayına qədər normal ailə həyatı sürüblər. Lakin sonradan aralarında mübahisələr baş verib. Növbəti mübahisə zamanı F.İ. yaşadıqları mənzildə R.İ-ni döydüyünə görə cinayət işi açılıb. F.İ. Azərbaycan ərazisini tərk edərək Rusiyaya getdiyindən onun barəsində axtarış elan olunub. 2012-ci il yanvarında Bakı şəhərinə qayıdan F. rəsmi qaydada boşandığı keçmiş həyat yoldaşıyla barışmağa cəhd edib. Bunun üçün o, R.-in işlədiyi musiqi məktəbinə gələrək onunla barışmaq istəyib. Aralarında baş vermiş mübahisə zamanı F. musiqi məktəbinin həyətində R-in bədən nahiyələrinə bıçaqla zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
F. istintaqa ifadələrində R-in sosial şəbəkələrdə başqa kişilərlə yazışdığını və hadisə baş verən gün keçmiş arvadının ona bu barədə danışdığını vurğulayıb. F. bundan əsəbiləşərək R-i öldürdüyünü söyləyib.
Daha bir hadisə 2014-cü ilin mayında baş verib. 1978-ci il təvəllüdlü D.Ə. həyat yoldaşını boğaraq qətlə yetirib, sonra isə polisə zəng vuraraq arvadını öldürdüyü barədə məlumat verib. Bu ailənin 3 övladı var. Şahidlərin sözlərinə görə, əvvəllər onlar normal dolanıblar, ərlə arvad arasında hər hansı mübahisə eşidilməyib. Lakin qətldən bir müddət əvvəl D.Ə.-nin həyat yoldaşı G.Ə. Odnoklassniki.ru sosial şəbəkəsində köhnə kişi tanışını tapıb. D.Ə. məsələdən hali olanda ailədə mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən ər özündən 11 yaş kiçik arvadını boğaraq qətlə yetirib.
Qadınlara qarşı zorakılıqları dayandırmaq üçün təşkil edilən ictimai müzakirələrdə bir qayda olaraq belə bir suala da cavab axtarılır: sosial şəbəkələrin bu məsələdə rolunu necə aradan qaldırmaq, tam aradan qaldırmaq mümkün deyilsə də, heç olmasa onu necə minimuma endirmək olar? Burada bir incəlik var. Əvvəllər qadınların sosial şəbəkədə eləcə olmasına pis baxılırdı. İndi bu təsəvvür dəyişib. İndi qadınlara qarşı zorakılığın kökündə onların sosial şəbəkəyə qoşulması deyil, həmin şəbəkələrdəki ünsiyyətinin xarakteridir. Yəni indi azərbaycanlı qadınların Facebook, Twitter, İnstagram kimi şəbəkələrdə iştirakına onların ailə üzvlərinin heç də hamısı pis baxmır. Buna pis baxanların sayı azdır. Hazırda mənfi qarşılanan qadınların tanışlıq saytlarında iştirakıdır. Facebook kimi şəbəkələrdə isə bir çox ailələrin üzvləri eyni vaxtda təmsil olunur, ailə fotolarını, şəxsi mülahizələrini paylaşırlar . Deməli, problemin kökünü insanların şəbəkələrdə iştirakında yox, onların burada nə yazdıqlarında axtarmaq gərəkdir.
İnsanların çoxu tanışlıq saytlarında adlarını gizlədir, başqa fotolarla çıxış edirlər. Çünki burada maraq dairəsi konkretdir: insan kiminləsə tanış olmaq istəyir və əsasən də yeni tanış qismində əks cinsin nümayəndəsini axtarır. Facebook, Twitter tipli şəbəkələrdə isə insanlar əsasən məlumat almaq, şəxsi, ailə həyatındakı əlamətdar hadisələri, mülahizələrini bölüşmək istəyirlər. Lakin təcrübə göstərir ki, bu da bəzən problemlərə gətirib çıxarır.
2013-cü ildə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə edilmiş dəyişiklik nəticəsində Azərbaycanda internetdə böhtan və təhqirə görə cəza müəyyənləşdirilib. Dəyişikliyə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya (təhqirə) görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.
Şübhəsiz ki, hüquqi çəkindirmələr də problemlərin həllində rol oynayır, lakin o qədər də yox. Üstəlik, bəzən qadınlara qarşı zorakılığa səbəb olan internet yazışmalarının özündə hüquqi baxımdan heç bir qanunsuzluq olmur. Çünki burada problem daha çox əks cinslər arasında məhrəm, müəyyən qədər intim xarakterli yazışmaların olmasındadır. Yetkinlik yaşına çatmış insanlar arasında münasibətlərin bu forması hüquqi baxımdan problem sayılmır. Ancaq ailə dəyərləri, milli, dini dəyərlər baxımından bunlar ciddi problemlərdir və ağır nəticələr törədə bilir. Çıxış yolu nədədir? Həmin dəyərlərə, ailə dəyərlərinə, milli, dini dəyərlərə sadiq qalmaqda. Başqa çıxış yolu tapmaq mümkün deyil.
Sosial şəbəkə üzvləri real həyatda olduqlarını unutmamalıdırlar. Daha doğrusu, virtual həyatda olduqlarını unudub real həyatda olduqlarını dərk etməlidirlər. Virtual aləmdə əks cinsin nümayəndələri ilə real həyatda olduğu kimi davranmaq lazımdır. Yəni real həyatda kişiylə qadın hansı etik normalar çərçivəsində davranırsa, virtual həyatda da buna riayət olunmalıdır. Əks halda Azərbaycan kimi ölkədə sosial şəbəkələr ailələrin dağılmasına, qısqanclıq zəminində cinayətlərə, hətta qətllərə səbəb ola bilər. İnternet istifadəçisi yaxınlarını, ailəsini, ümumiyyətlə ətrafdakıları nəzərə almağa məcburdur. Sosial şəbəkədə kiminsə ailə həyatına kobud müdaxilə etmək yalnız böyük münaqişələrə gətirib çıxara bilər. Ailə, qadın-kişi münasibətlərindəki həssas məqamlar sosial şəbəkədə ciddi nəzərə alınmalıdır.
Sosial şəbəkələrdən istifadə zamanı real həyatda olduğu kimi etik qaydalara əməl olunmalı, həssaslıq nümayiş etdirilməli və təmasda olduğun insanın xüsusiyyətləri nəzərə alınmalıdır. Real həyatda xasiyyətcə qısqanc və ya mühafizəkar insanla necə davranılırsa, virtual həyatda da onunla eyni cür davranılmalıdır. Çünki qısqanc və mühafizəkar adam real həyatda həssas yanaşdığı məsələlərə virtual həyatda da həssas yanaşır.
20-25 il əvvəl Azərbaycanda kişilərin 5-10%-i qadınların avtomobil sürməsinə normal baxırdısa, indi onların bəlkə də 80%-i bunu çox normal qarşılayır. Son illərdə əksər kişilər özləri xanımlarına avtomobil alır. Sosial şəbəkələrdən istifadə də etik baxımdan elə bir səviyyəyə gəlib çıxmalıdır ki, kişilər orada sükanı qadınların öz ixtiyarına verməkdən çəkinməsin. Yalnız bu halda virtual ünsiyyət real problemlərə, xüsusilə də ailədaxili münaqişələrə gətirib çıxarmaya bilər.
Səidə Hüseynova