Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycan əhalisinin (9 milyon 705,6 min nəfər) 50,2 faizi qadınlardır. Bəs Azərbaycanın hakimiyyət sistemində – qanunverici, icra, məhkəmə orqanları və yerli özünüidarə qurumlarında qadınlar necə təmsil olunur?
Ölkənin 125 nəfərlik parlamentində 20 qadın deputat var. Onlardan biri – Bahar Muradova Milli Məclis sədrinin müavini və komitə sədridir. Qanunverici orqanda təmsil olunan digər 19 qadın bunlardır: Ülviyyə Həmzəyeva, Mehriban Əliyeva, Aytən Mustafayeva, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Sevinc Fətəliyeva, Zeynəb Xanlarova, Elmira Axundova, Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Sahibə Qafarova, Sona Əliyeva, Sevinc Hüseynova, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Kamilə Əliyeva, Aqiyə Naxçıvanlı (həm də komitə sədridir), Flora Qasımova.
Hökumətin üst qatı olan Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları sistemində 47 yüksək vəzifəli şəxs arasında 2 qadın yer alır. Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Məleykə Abbaszadə isə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə sədrlik edir.
Prezident Administrasiyası və ona bağlı qurumlarda 5 qadın yüksək statuslu vəzifə sahibidir. Dilarə Seyidzadə Prezident Katibliyinin rəhbəri, Fatma Abdullazadə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin, Səadət Yusifova siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri postunu tutur. Əfv Məsələləri Komissiyasının katibi (Kəmalə İsmayılova) və prezidentin 1 köməkçisi (Cəmilə Abbasova) qadındır.
Ölkədə yalnız bir qadın icra başçısı vəzifəsində çalışır: İradə Gülməmmədova. O, Abşeron Rayon İcra Hakimiyyətinin başçısıdır. Vaxtilə daha 4 qadın icra başçısı olub: Dilrubə Camalova – Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (1993-2000); Sədaqət Qəhrəmanova – Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra Hakimiyyətinin başçısı (1995-2005); Səmayə Piriyeva – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı (1999-2000); Fidumə Hüseynova – Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı (2003-2005).
Konstitusiya Məhkəməsinin 9 üzvündən 1-i (Südabə Həsənova) qadındır.
Hazırda 14 üzvü olan Məhkəmə-Hüquq Şurasının 1 üzvü – Şəlalə Məmmədova qadındır. O, Ali Məhkəmənin Mülki Kollegiyasına rəhbərlik edir.
2002-ci ildə yaradılmış ombudsman institutuna həmin vaxtdan qadın rəhbərlik edir: Elmira Süleymanova.
Dövlət Statistika Komitəsinin 2015-ci ildə açıqladığı son hesabata görə, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7 faiz olub. Həmin hesabatda qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faiz göstərilir.
Yerli özünüidarə qurumlarına gəlincə, 2014-cü ilin dekabrında keçirilmiş son seçkilərdə 9439 qadın bələdiyyədə təmsil olunmaq hüququ qazanıb. Bu, ümumi üzvlərin 35 faizi deməkdir. 2009-cü ilədək qadınların bələdiyyələrdə təmsilçilik faizi 4, 2014-cü ilədək təxminən 27 faiz olub.
Yeri gəlmişkən, Azərbaycanın ən qədim siyasi təşkilatı olan Müsavat Partiyasının nizamnaməsi bütün seçkili kollegial orqanlarda yerlərin ən azı 25 faizinin qadınlar üçün ayrılmasını nəzərdə tutur.
Töhfə Əzimova