Xarici valyutada ipoteka və istehlak kreditləri qadağan edilməlidirmi? İqtisadçı ekspert Samir Əliyev bu məsələ ilə bağlı rəy və təkliflərini yayıb. Transparency.az-ın məlumatına görə, ekspert prosesin bir neçə qonşu ölkədə başladığını, Azərbaycanda da mövzunun aktuallaşdığını vurğulayır: “Fevralın 28-dən Qırğızıstanda ipoteka və istehlak kreditlərinin xarici valyutada verilməsi qadağan edilir. Oxşar addımlar bu və ya digər şəkildə Rusiyada, Belarusda, Qazaxıstanda da atılıb. Bu tip qadağaların səbəbi aydındır: milli valyutaların dəyərsizləşməsi valyuta krediti götürən müştərilərin ödəmə qabiliyyətini çətinləşdirir, bankların aktivlərini pisləşdirir, iqtisadiyyatın dollarlaşması isə ölkənin xarici təzyiqlərə müqavimətini azaldır.
Azərbaycanda 2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin həcmi 10,7 milyard manat olub, bunun da 3 milyard manatı istehlak kreditlərinin payına düşüb. Həmin vəsaitin müəyyən hissəsi indidən ümidsiz borc sayıla bilər. Amma valyuta kreditlərinin ödənməməsi çox ciddi məsələdir və həllini tapmalıdır. Problemin bankların və əhalinin üstünə atılması düzgün deyil. Çünki bunun fəsadları təkcə bank sektoru üçün deyil, ümumilikdə ölkənin makroiqtisadi sabitliyi üçün ağır nəticələrə gətirib çıxara bilər”.
Ekspert ölkədə xarici valyuta ilə kreditə qadağanın nə qədər səmərəli olacağını proqnozlaşdırmağı müşkül sayır: “Çünki ortada vətəndaşların, bankların və ölkə iqtisadiyyatının mənafeyinə təsir edəcək mətləblər var. Məsələyə ancaq mövcud problemin həlli kontekstində baxmaq olmaz. Problem həm dərindir, həm də təcili həll tələb edir. Hər bir halda hökumətin qarşısında duran vəzifə iqtisadiyyatın dollarlaşmasını səngitmək və valyuta kreditləşməsinin payının azaldılması istiqamətində səyləri gücləndirməkdir. Bunun üçün iqtisadi alətlərlə yanaşı inzibati mexanizmlərdən istifadə edilə bilər. Ancaq metodlar yalnız qadağalara köklənməməli, daha yumşaq formada seçilməli, yəni müəyyən məhdudiyyətlərə əsaslanmalıdır”.
Qadağa tətbiq etməzdən öncə ekspert bəzi məhdudiyyət imkanları nəzərdə keçirməyi tövsiyə edir:
– xarici valyutada gəlirləri olmayan müştərilərə valyuta kreditlərinin verilməsinin müvəqqəti qadağan edilməsi;
– fiziki və hüquqi şəxslərdən cəlb edilmiş və xarici valyutada olan vəsaitlər üzrə məcburi ehtiyat normasının 0,5%-dən 5%-ə qaldırılması;
– xarici valyutada kredit verilməsinə qadağanın ancaq ipoteka kreditlərinə şamil edilməsi;
– risk dərəcəsi üzrə ölçülmüş aktivlərin hesablanmasında xarici valyutada verilmiş istehlak kreditlərinə daha yüksək əmsalın tətbiqi (bu əmsal 2 dəfə artırıla bilər) və bununla da kapitala tələbatın artırılması;
– ölkə daxilində istifadə edilən kredit kartları üçün ancaq milli valyutada kreditlərin ayrılması;
– aktivlərin təsnifləşdirilməsi zamanı xarici valyutada olan aktivlər üzrə keyfiyyət meyarlarının sərtləşdirilməsi;
– milli valyutada olan kreditlərin faiz dərəcələrinə Mərkəzi Bankın tətbiq etdiyi yuxarı həddi götürməli (hazırda istehlak kreditləri üzrə 29%, mikrokreditlər üzrə 25%-dir), əvəzində xarici valyutada olan kreditlər üzrə daha da endirməli (bu hədd mikrokreditlər üçün 17-18%, istehlak kreditləri üçün 20% ola bilər).
Samir Əliyev məhdudlaşdırıcı tədbirlərin tətbiqi zamanı xüsusi halların nəzərə alınmasını vacib sayır: “İxracatçı şirkətlər və xarici valyutada gəlirləri olan şəxslər fərqləndirilməlidir. Hansısa məhdudiyyəti tətbiq etməzdən öncə Mərkəzi Bank bankları və digər kredit qurumlarını zəruri manat vəsaiti ilə təmin etməlidir. Hər bir halda addımlar kompleks şəkildə atılmalıdır. Ayrı-ayrı tədbirlər problemi nəinki həll edə bilməz, hətta daha da dərinləşdirər. Mərkəzi Bank prosesə hərtərəfli yanaşmalı, milli valyutanın sabitliyini təmin edəcək addımlara üstünlük verməlidir”.