“Hər iki ölkədə çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaq”. Fevralın 23-ü Tehranda İran prezidenti Həsən Ruhani ilə birgə brifinq keçirən dövlət başçısı İlham Əliyev belə deyib.
Həsən Ruhani jurnalistlərə deyib ki, İlham Əliyevin səfəri İrana qarşı nüvə sanksiyalarının aradan qaldırılması və bu barədə razılaşmanın icraya başlamasından sonraya təsadüf edir: “Bu da iki ölkə arasında münasibətlərin daha geniş spektrdə inkişaf etməsinə səbəb olacaq. İki ölkə arasında müştərək iqtisadi komissiyanın son iki ildəki fəaliyyəti bizi çox sevindirir. Onların gərgin əməyinin nəticəsində bu gün iki ölkə arasında on bir sənəd imzalanır (Azərbaycan-İran sənədləri imzalanıb). Bu sənədlərin imzalanması ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Biz bu gün keçirdiyimiz həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələləri bir daha nəzərdən keçirdik. Həmin görüşlərdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq sahəsində fikir mübadiləsi apardıq. Eyni zamanda 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəldik, bu da iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılmasına səbəb olacaq.
Biz ölkələrimiz arasında energetika və neft-qaz sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi apardıq. Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə barədə fikir mübadiləsi etdik, həmçinin iki ölkə arasında bank və sığorta sahəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdik. Eyni zamanda Araz, Ənzəli və Maku azad iqtisadi-ticarət zonalarında birgə fəaliyyət ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik”.
AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev imzalanan sənədlərin icrasının iki ölkənin əlaqələrini daha da gücləndirəcəyini vurğulayıb. O qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində çox önəmli addımlar atılıb: “Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik.
Neft-qaz sektorunda çox gözəl perspektivlər var. İran Azərbaycanın neft-qaz yataqlarına investisiyalar qoyur. Biz gələcək əməkdaşlıq haqqında çox gözəl fikir mübadiləsi apardıq. Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənir. Xəzər dənizi bizim ümumi sərvətimizdir, bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır.
Energetika sahəsində çox gözəl işlər görülür və gözəl perspektivlər var. Bu sahədəki əməkdaşlıq ancaq İran-Azərbaycan əməkdaşlığı ilə məhdudlaşmır. Qonşu ölkələr də bu layihəyə qoşula bilərlər və belə olan halda bu, gözəl transmilli, regional layihəyə çevriləcək.
Qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var. Hər iki ölkədə hazırda çox ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır. Belə olan halda qarşılıqlı sərmayə qoyuluşu üçün yeni imkanlar yaranacaq. Maliyyə, bank, sığorta, turizm, əczaçılıq sektorlarında da gələcək fəaliyyət üçün gözəl imkanlar var”.
Fevralın 23-də İlham Əliyev İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamneyi ilə də bir araya gəlib. Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulanıb. Həmin gün İlham Əliyevin İrana rəsmi səfəri başa çatıb.