“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı 2015-2016-cı illər üzrə hesabat açıqlayıb. Hesabatda deyilir ki, 2015-ci ildə 98 ölkədə insanlar işgəncələrə və pis rəftarın başqa formalarına məruz qalıb, 30 ölkə qaçqınları zorla gəldikləri yerlərə qaytarıb, 18 ölkədə müharibə cinayətləri törədilib.
“Azadlıq” radiosunun məlumatına görə, 160 ölkəni əhatə edən hesabatın Azərbaycana aid bölümündə vətəndaş cəmiyyəti və fərqli siyasi düşüncə üzərinə hücumların davam etdiyi vurğulanır: “Azı 18 vicdan məhbusu hələ də dəmir barmaqlıqlar arxasında qalıb. Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri və fəalları istər ölkə daxilində, istərsə də xaricdə təqib edir, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin ölkəyə buraxılmaması və ya ölkədən qovulması halları var”.
Hesabatda noyabrın 1-də keçirilmiş parlament seçkisindən də söz açılır və bildirilir ki, hakimiyyətin təzyiq və təqiblərinə məruz qalan müxalifətin boykotu şəraitində hakim Yeni Azərbaycan Partiyası rahat qələbə qazanıb, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkinin monitorinqindən imtina edib: “Bu müddət ərzində “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarının nümayəndə heyətlərinin ölkəyə girişinə icazə verilməyib. Sentyabr ayında Avropa Parlamentinin siyasi məhbusları azad etməyə çağıran qətnaməsinin qəbulundan sonra hökumət Avropa Komissiyasının Bakıya səfərini ləğv edib. Oktyabr ayında Avropa Şurası Azərbaycanda insan haqları məsələləri ilə məşğul olan müştərək qrupdan çıxıb”.
Sənəddə qeyd olunur ki, hesablarının dondurulması və üzvlərinin mühakimələri ucbatından aparıcı QHT-lərin fəaliyyəti qeyri-mümkün olub, bir neçə QHT rəhbəri həbsxanalara salınıb və ya mühacirət etməyə məcbur edilib.
Hesabatda deyilir ki, Azərbaycanda bütün əsas media vasitələri hökumətin nəzarətində qalır, müstəqil media qurumları isə qısnama, hədə, təqib və bağlanma təhdidləri ilə üzləşirlər. Qeyd olunur ki, hökumət xaricdə fəaliyyət göstərən jurnalistlərin və siyasi fəalların qisasını onların qohumlarından alır: “Fevralın 13-ü Berlində prezident İlham Əliyevin əleyhinə piketdə iştirak etmiş bloqçu Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı narkotik maddə ittiham ilə həbs olunub, beynəlxalq hiddətdən sonra azad edilib. “Meydan TV”nin xaricdə yaşayan direktoru Emin Millinin qayını Nazim Ağabəyov iyulun 23-də narkotik maddə ittihamı ilə həbs olunub. Onun başqa bir qohumu Polad Abdullayev də tutulub, lakin bir neçə gündən sonra sərbəst buraxılıb. Amma bundan əvvəl Emin Millinin bütün qohumları ondan imtina etdikləri barədə məktub yazıblar.
İyul ayında mühacirətdə yaşayan jurnalist, Türkiyədən yayımlanan “Azərbaycan saatı” teleproqramının aparıcısı Qənimət Zahidin üç qohumu polisə müqavimət və narkotik maddə ittihamları ilə tutulub. Oktyabr ayında “Meydan TV”nin mühacirətdə olan redaktoru Günel Mövludun qardaşları həbs edilib”.
Hesabatında deyilir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı qaba şəkildə pozulur.
Поделиться ““Amnesty İnternational” Azərbaycana nə qiymət verdi?”