“Atamın vəziyyəti əvvəlki kimi ağır olaraq qalır. Dərin komada süni nəfəs aparatına qoşuludur. Onu fevralın 22-si axşam Mərkəzi Klinik Xəstəxanaya köçürmüşük. Bundan əvvəl 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilmişdi, orada da komada idi. Həkimlər Mərkəzi Klinik Xəstəxanada yenidən müayinə ediblər, vəziyyəti hələ ki, eynidir, ağırdır”. Bu sözləri Modern.az saytına jurnalist İmdad Əlizadə ağır vəziyyətdə olan atası Əli Əliyevin durumundan danışarkən deyib.
İmdad Əlizadə bildirib: “Həkimlərin daxili orqanlarda gözlədiyi fəsadlar artıq özünü göstərməyə başlayıb. Mərkəzi Klinik Xəstəxanada atama ağır kəllə-beyin travması və beyin kötüyünün zədələnməsi diaqnozu qoyuldu. Baldırında yerini dəyişmiş qəlpəli sınıqlar var. Mərkəzi Klinik Xəstəxanada tomoqrafik müayinə zamanı qabırğasının da sındığı bilindi. Həkimlər yalnız gözləməyi məsləhət bilirlər. Dəqiq bir söz, proqnoz deyə bilmirlər”.
Jurnalist xatırladıb ki, atasının komaya düşməsindən 10 gün keçir: “Bu gün artıq hadisənin baş verməsindən 10 gün ötür. Hələ ki, heç bir irəliləyiş yoxdur. Xəstəxanaya necə daxil olubsa, vəziyyəti elə o cür qalır. Bir sevindirici fakt odur ki, mənfi dinamika da yoxdur”.
Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna həmkəndlisinin hüzr mərasiminə gedərkən ağır qəzaya düşüb. “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub.
Əli Əliyev Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Altı övladı var. Böyük oğlu İmdad Əlizadə hazırda “Report” informasiya agentliyində çalışır.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. 2012-ci ildə çəkilmiş filmin ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.
Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.
Ağa Akifoğlu
Modern.az