Fevralın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, komitə vətəndaşlara, fiziki və hüquqi şəxslərə ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsi xidməti göstərir: “Bu xidmətdən istifadə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət etmək kifayətdir. Müxtəlif müraciətlər əsasında bütün növ daşınmaz əmlakların bazar qiymətlərinin müəyyənləşdirilməsi həyata keçirilir.
Dövlət başçısının 4 may 2015-ci il fərmanı ilə bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini aparmaq və bu sahədə nəzarəti həyata keçirmək Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Qiymətləndirmə işlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin peşəkar qiymətləndiriciləri həyata keçirir. Proses milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun şəkildə aparılır. Reyestr Xidmətində bütün növ daşınmaz əmlaklar barədə atributiv bazar məlumatlarını özündə ehtiva edən Bazar Məlumatları Bankı yaradılıb. Bu baza son 10 il ərzində bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alğı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlakları ehtiva edir. Bu bankda 400 mindən artıq daşınmaz əmlak barədə məlumatlar toplanıb. Özəl qiymətləndiricilər həyata keçirilən qiymətləndirmə işlərinin ekspertizasını da aparır.
Xidmətdə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar üçün ödənişlər Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq tənzimlənir. Bu əməliyyatlara qiymətləndirmənin aparılması, məlumat bankından məlumatların verilməsi, ekspertizanın aparılması aiddir. İstənilən hüquqi və fiziki şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət edərək yeni yaradılmış bu xidmətdən yararlana bilər”.