Fevralın 22-də Sivil Toplum Platforması vəkil Yalçın İmanovla bağlı bəyanat qəbul edib.
Novator.az-ın məlumatına görə, bəyanatda deyilir: “Bu günlərdə daha bir vəkilin – Yalçın İmanovun peşə fəaliyyəti ilə bağlı intizam məsuliyyətinə cəlb olunması üçün Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynov Vəkillər Kollegiyasına müraciət barədə qərar qəbul edib. Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunması tələbi onun hakimlərin və dövlət ittihamçısının verilən vəsatətlərə formal yanaşmasını söyləməsi ilə bağlıdır. Bundan əvvəl də başqa vəkillərə qarşı oxşar hallar olub. Vəkilliyə qəbul edilməyən və ya vəkillikdən uzaqlaşdırılan İntiqam Əliyev, Qurban Məmmədov, Aslan İsmayılov, Namizəd Səfərov, Lətifə Əliyeva, Elçin Namazov, Xalid Bağırov, Əlayif Həsənov, Hidayət Süleymanov və başqa 10-dan çox vəkilin adını çəkə bilərik. Beləliklə, insan haqlarını qoruyan və peşə fəaliyyətini ləyaqətlə yerinə yetirməyə çalışan vəkillərə təzyiqlər bu gün də davam edir və artıq sistemli şəkil alıb.
Hesab edirik ki, bu, bir vətəndaşın işinə görə cəzalandırılması və ya işdən çıxarılması kimi sıradan bir olay deyil. Əslində indiki ağır dönəmdə hər hansı vəkilin cəzalandırılması bir şəxsin məhrumiyyətə məruz qalmasından daha ötə hadisədir. Azərbaycanda vəkillərin sayı onsuz da azdır, bu səbəbdən vətəndaşlarımıza nəinki keyfiyyətli xidmət göstərmək olur, ümumiyyətlə xidmət göstərmək olmur. Azsaylı vəkillərin bu şəkildə proseslərdən uzaqlaşdırılması isə vətəndaşlarımızı müdafiəsiz qoymaqdır.
Vəkilliyi sıradan çıxarmağın məntiqi nəticəsi ədalət mühakiməsini iflic etməkdir. Vəkilliyin əsas silahı onun danışmaq və yazmaq haqqıdır. Vəkilliyi bir institut olaraq yox etməyin yolu, elə birbaşa vəkili susdurmaqla başlayır.
İstənilən bir cəmiyyətdə vəkillər susanda ədalət mühakiməsi lal, kar və kor tamaşaya çevrilir. Gurultulu və görüntülü olmayan ədalət lazımsız ədalətdir. Ədalət mühakiməsi öz növbəsində demokratik cəmiyyətdə hakimiyyətin üç əsas elementindən biri olmaqla onun qollarını tarazlaşdırma funksiyası həyata keçirir. Ədalət mühakiməsi vətəndaşın onu idarə edənlərə qarşı əsas zirehidir. Çünki məhz o, vətəndaşı dövləti qarşısında vicdanı və cəsarəti ilə gücləndirir. Nə güclü dövlətin zəif vətəndaşı olur, nə də zəif dövlətin güclü vətəndaşı.
Vəkil həmkarlığı yalnız vəkilləri birləşdirən peşəkarların kəmiyyət birliyi deyil və olmamalıdır. Vəkilliyin gücləndirilməsi cəmiyyət qarşısında vəzifələrini anlayan vəkillərin mənəvi bağlarla birləşdiyi qurumun yaranmasına bağlıdır. Məhz bu şərtlərlə formalaşmış vəkillik institutu gələcəkdə qurulacaq azad və demokratik cəmiyyətin törəyici hüceyrəsi rolunu oynaya bilər.
Azərbaycanda müstəqil vəkil birlikləri yoxdur, vəkillik bütünlüklə Vəkillər Kollegiyasının inhisarındadır. Vəkillərə basqıların, habelə vəkillik qurumunun vəkilliyə qəbulla bağlı tətbiq etdiyi sərt qaydaların nəticəsidir ki, Azərbaycan adambaşına düşən vəkil sayına görə inkişaf etmiş Avropa ölkələrindən, hətta Cənubi Qafqaz dövlətlərindən də geri qalır. Azərbaycanda hər 10 min vətəndaşa heç 1 vəkil də düşmür. Qonşu Gürcüstanda hər 10 min nəfərə 8, Ermənistandasa 4 vəkil xidmət göstərir. İnkişaf etmiş ölkələrdə – İsraildə 10 min nəfərə 50, Türkiyədə 11, ABŞ-da isə 300 amerikalıya 1 vəkil düşür.
Bu gün Azərbaycan ölkəyə xarici investisiya cəlb etmək istəyir, ancaq bunun zəmanətlərindən biri müstəqil məhkəmə sistemidir. Peşəkar və müstəqil vəkil kontingenti olmadan heç bir xarici investor bizim məhkəmə sisteminə etibar edib ölkəyə vəsait yatırmaz.
Bu kriteriyaları əsas götürərək biz – Sivil Toplum Platformasının üzvləri vətəndaşlarımıza müraciət edir, onları güclü vətəndaş olmaq naminə vəkillərimizi dəstəkləməyə çağırırıq. Səlahiyyətli dövlət rəsmilərinə də üzərlərində ölkə konstitusiyasının və götürülmüş beynəlxalq öhdəliklərin tələblərini icra etmək məsuliyyətinin olduğunu xatırladırıq”.
Sivil Toplum Platformasını fevralın 10-da bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, vəkil və jurnalistlər yaradıb. Platforma problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə təsis olunub.