Rövşən Ağayev
İstənilən ölkədə milli valyutanın sabitliyi ödəmə balansından asılıdır. Sadə dillə deyilsə, ödəmə balansı ölkəyə ən müxtəlif kanallarla daxil olan və ölkədən çıxan xarici valyuta axınının nisbətini əks etdirir.
Gələn valyuta gedən xarici valyutadan çox olanda milli valyuta ucuzlaşmır, həm də ölkənin valyuta ehtiyatı artır. Gedən valyuta ölkəyə gələn xarici valyutadan çox olanda isə milli valyuta ucuzlaşır, ölkənin valyuta ehtiyatları məzənnəni qorumağa xərcləndiyi üçün azalır. İl yarımdır Azərbaycanda bu prosesi müşahidə edirik.
Bunları yazmağımın səbəbi var: bu ilin yanvarında xaricdən əmtəə idxalı 30%-dək azalıb. Çoxları düşünür ki, bu, manatın sabitliyi üçün yetərlidir. Reallıqda belədirmi?
Əgər idxal azalanda ixrac artırsa, yaxud sabit qalırsa, heç olmasa idxal ixracdan daha sürətlə azalırsa, bu arqument müəyyən qədər əsaslı ola bilər. Doğrudur, 2016-cı ilin yanvarında Azərbaycanın idxalı 131 milyon dollar (23%) azalıb. Amma ixrac bundan daha çox – 620 milyon dollar (təxminən 50%) az olub. Ölkənin idxala xərclədiyi xarici valyutanın azalan hər dolları müqabilində ixracdan qazandığı valyuta təxminən 5 dollar aşağı düşüb. Nəticədə ötən ilin yanvarına nisbətən aylıq xarici ticarət balansının müsbət saldosu 3.5 dəfəyədək azalaraq 700 milyon dollardan 215 milyon dollara enib. Hələ onu demirəm ki, beynəlxalq ticarət statistikasına görə, Azərbaycan gömrüyündə uçota alınan faktiki idxal real idxal səviyyəsindən heç olmasa 30-35% azdır. Bu fərq də nəzərə alınsa, real saldo daha kiçik rəqəmlərlə ifadə olunar…
Ticarət balansının müsbət saldosu valyuta bazarında dayanıqlığı təmin etmək üçün vacibdir, amma yetərli deyil. Önəmli göstərici cari hesablar balansının saldosudur. Cari hesablar balansına əmtəə axınından savayı daha iki kanalla valyuta hərəkəti daxildir: xidmətlər hesabı və gəlirlər (ilkin və təkrar) hesabı.
Son 5 ilin statistikası göstərir ki, Azərbaycanda həm xidmətlər, həm də gəlirlər hesabının saldosu daim mənfi olub, yəni bu kanallarla ölkədən çıxan valyuta ölkəyə gələn valyutanı üstələyib. Və son 3 illik statistika göstərir ki, bu iki hesab – xidmətlər və gəlirlər hesabı üzrə orta aylıq kəsir təxminən 500-600 milyon dollar aralığında dəyişib. Lakin həmin illərdə xarici ticarət balansının orta aylıq müsbət saldosu 1-1,2 milyard dollar olduğuna görə cari hesablar balansının illik yekunu (+) 5-6 milyard dollardan az olmayıb.
Bir vacib faktoru da nəzərdən qaçırmaq olmaz: o yerdə ki ölkəyə gələn kapital ölkədən çıxan kapitaldan azdır, orada nəinki ticarət balansının, hətta cari hesablar balansının da müsbət saldosu milli valyutanı sabit saxlamağa çatmaya bilər.
Ən mühüm şərt kapital axınının mənfi nisbətinin cari hesablar balansının müsbət saldosundan kiçik olmasıdır. 2015-ci ildə biz Azərbaycanda bu prosesin şahidi olduq: kapital axınlarının mənfi nisbəti cari hesablar balansının müsbət saldosunu 9 milyard dollara yaxın üstələdi. Bu nisbət isə Mərkəzi Bank ehtiyatlarının əriməsi hesabına qapadıldı.
Beləliklə, ölkəyə əmtəə idxalı ilə yanaşı xidmət idxalının da azalmadığı, xidmət ixracının heç olmasa əvvəlki səviyyədə qalmadığı, ölkəyə gələn kapitalın (investisiyalar, kreditlər, depozitlər formasında) ölkədən çıxan kapitalı üstələmədiyi şəraitdə ticarət balansının hazırkı kiçik həcmli müsbət saldosu manatı sabitləşdirmək üçün yetərli deyil.
Yanvar ayı üzrə tədiyyə balansının göstəriciləri açıqlansaydı, suallara daha dəqiq cavab vermək olardı. Amma biz o rəqəmləri may ayından tez görə bilməyəcəyik. Onda isə geri qayıdıb yanvarı təhlil etməyin əhəmiyyəti qalmayacaq…