“Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər”. Prezident İlham Əliyev fevralın 17-si Gəncədəki “İmamzadə” dini kompleksində çıxışında belə deyib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini vurğulayıb: “Cəmiyyətimizin, ölkəmizin dayanıqlı inkişafı üçün dövlət-din münasibətlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə, həm də dünyada təsdiq edib. Biz öz milli-mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik. Əfsuslar olsun ki, müsəlman aləmində son vaxtlar vəziyyət o qədər də ürəkaçan deyil. Ənənəvi ziddiyyətlərə yeni ziddiyyətlər, yeni qarşıdurmalar əlavə olunur. Bu, bizi çox narahat edir”.
İlham Əliyev qeyd edib ki, dini zəmində qarşıdurmalar böyük fəlakətə gətirib çıxara bilər: “Biz artıq hər il yeni münaqişə ocaqlarını, yeni problemli yerləri görürük. Bu gün daha çox miqrantlar böhranından danışırlar. Mən dövlət başçısı kimi bu məsələ ilə bağlı ölkəmizin mövqeyini dəfələrlə ifadə etmişəm və hesab edirəm ki, belə də olmalıdır. Biz bu məsələyə biganə qala bilmərik. Bu gün xarici müdaxilədən əziyyət çəkən insanlar öz canlarını, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün vəziyyətinə düşüblər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Yolda da onların çoxu ya dənizdə batır, ya başqa yerdə həlak olur. Biz görürük ki, bunlara qarşı münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Bu adamların heç bir günahı yoxdur. Əgər onların ölkələrinə xaricdən müdaxilə olunmasaydı, onlar öz ölkələrində yaşayardılar. Onlar – yaxınlarını itirmiş, qaçqın-köçkün vəziyyətinə düşmüş milyonlarla insan indi sadəcə olaraq öz canını xilas etmək istəyir. Onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir. Onların şəxsiyyəti alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.
Belə vəziyyət və xüsusilə Qərb mediasında miqrantlarla bağlı gedən birtərəfli antitəbliğat ona gətirib çıxarır ki, Avropada radikal partiyaların gücü, onlara səs verən əhalinin sayı artır. Onlar getdikcə daha çox siyasi dəstək alırlar. Əgər bu belə davam edərsə, bir neçə ildən sonra onlar öz ölkələrində hakimiyyətə gələ bilərlər. Belə olan halda necə olacaq? Belə olan halda dinlərarası münasibətlər necə tənzimlənəcək? Bu gün Avropanın, demək olar, bütün ölkələrinin rəsmi mövqeyi, təbii ki, müsbətdir. Avropa hökumətləri, onların bəziləri çalışır ki, miqrantlara layiqli münasibət göstərilsin. Biz bunu da görürük və təqdirlə qarşılayırıq. Ancaq bir daha demək istəyirəm, əgər dini zəmində bu qarşıdurma və təbliğat davam edərsə, gələcəkdə biz çox böyük problemlərlə üzləşəcəyik”.
Prezident Azərbaycandan danışarkən deyib ki, bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz bu, bizə də təsir edə bilər: “Siz də, indi mətbuatı izləyən insanlar, bizim ictimaiyyət də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə öz sözümüzü deyirik. Harada vəziyyət ağırdır, bunu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq kimisə tənqid etmək üçün hansısa fikirləri demirik. Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökür, qırır? Heç başa düşmür nəyə görə. Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi. Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz”.