Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Demokratiya və Rifah Hərəkatının təqdim etdiyi “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi”nə baxılması barədə müraciətə cavab verib. Transparency.az bildirir ki, hərəkatın rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu bu haqda məlumat yayıb.
Ekspertin yazdığına görə, cavab məktubunda deyilir: “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi” layihəsinə baxmışıq. Layihədə məqsədəuyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı əsas tutularaq aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaq. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk”.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının təqdim etdiyi tədbirlər paketində 3 il ərzində bu istiqamətdə islahatlar aparmaq təklifləri yer alır:
– Hədəfi çevik və açıq hökumət olan idarəetmədə struktur islahatları;
– Hədəfi iqtisadi münasibətləri tənzimləmək olan institusional islahatlar;
– Hədəfi aşağı inflyasiya və dayanıqlı milli valyuta olan pul-kredit və bank islahatları;
– Hədəfi tarazlı və səmərəli büdcə sistemi olan vergi-tarif və fiskal islahatlar;
– Hədəfi yeni iş yerlərinin yaradılması olan sərbəst qiymətqoyma, açıq ticarət və ədalətli rəqabət üzərində qurulan sahibkarlıq islahatları;
– Hədəfi regionların tarazlı inkişafı və milli iqtisadiyyatın modernləşdirilməsi olan aqrar və sənaye-struktur islahatları;
– Hədəfi firavan və təminatlı cəmiyyət olan sosial reabilitasiya və inkişaf islahatları;
– Hədəfi Azərbaycanın dünyada və regionda maraqlarına toxunan prosesləri aktiv və səmərəli sürətdə tənzimləyən milli iqtisadi təhlükəsizlik islahatları.
Поделиться “Prezidentin köməkçisi Qubad İbadoğlunun təkliflərinə rəsmi cavab verib”